Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Xəzərin ədalətli bölgüsü baş tutacaqmı?

© Photo : AFP PHOTO/NASAXəzər dənizinin kosmosdan çəkilişi
Xəzər dənizinin kosmosdan çəkilişi - Sputnik Azərbaycan
Abunə olmaq
Rəsmi səviyyədə nikbin bəyanat səslənsə də, bəzi ekspertlər yekun razılığın hələ mümkün olmayacağını iddia edirlər

BAKI, 13 iyul — Sputnik. İyirmi ildən artıqdır ki, Xəzər dənizinin hüquqi statusu ilə bağlı sahilyanı dövlətlər danışıqlar aparır. Lakin yekun nəticə əldə etmək hələ də mümkün olmayıb.

© SputnikQabil Hüseynli, politoloq
Qabil Hüseynli, politoloq - Sputnik Azərbaycan
Qabil Hüseynli, politoloq

Anlaşılmazlıqları həll etmək, ortaq məxrəcə gələ bilmək üçün bu gün Qazaxıstanın paytaxtı Astanada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşü keçirilib. Görüşdə Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib.

E. Məmmədyarov Astanadakı çıxışında deyib: "Konvensiya layihəsinin, Xəzər dənizinin hüquqi statusunun müəyyən olunması üçün təməl təşkil edən müddəalarını ən qısa müddət ərzində razılaşdırmaq üçün maksimum səy göstərmək lazımdır. Bununla bağlı əhəmiyyətli işlər görülüb. Qəbul olunmuş siyasi qərarlar və Xəzəryanı dövlətlərin rəhbərlərinin sammitləri çərçivəsində əldə olunmuş razılaşmalar bütövlükdə Konvensiya layihəsinə dair gələcək danışıqların effektivliyinə kömək edəcək".

Xarici işlər naziri nikbin bəyanat səsləndirsə də, bəzi ekspertlər yekun razılığın hələ mümkün olmayacağını iddia edirlər. Sputnik-ə açıqlama verən politoloq Qabil Hüseynlinin sözlərinə görə, Xəzər dənizinin hüquqi statusunun təyinində 3 əsas yanaşma var: "Bunlardan birincisi, beynəlxalq quru sərhədlərinin orta xətt boyunca dənizə qədər uzadılması ilə milli sektorların yaradılması və sahilyanı dövlətlərin özlərinə aid milli sektorlar daxilində hər cür suverenliyə və haqqa sahib olmasıdır. Bu yanaşmaya Rusiya və Qazaxıstan qarşı çıxır".

"İkinci yanaşma isə hər ölkə üçün 12 millik dəniz suları nəzərdə tutur, qalan ərazi sahil ölkələrinin ümumi istifadəsinə verilir. Türkmənistan ilə İran bu yanaşmaya müsbət yanaşır", — politoloq bildirib.

Xəzərin hüquqi statusu mövzusunda ortaya qoyulan üçüncü yanaşmaya gəlincə: "Bu yanaşma dənizin beş ölkə arasında bərabər bölünməsini nəzərdə tutur. İranın irəli sürdüyü bu həll yoluna Xəzərlə ən uzun sahili olan dövlətlər — Qazaxıstan və Rusiya qarşı çıxır. Mövcud bölünmədə yalnız Qazaxıstanın payı 20 faizdən çoxdur. İran ilə sərhədi olan Azərbaycan və Türkmənistan kimi ölkələr öz paylarından İrana təhvil verəcəyi halda özlərinə qonşu olan Qazaxıstandan pay ala bilməyəcəyini bildikləri üçün, bu yanaşmanın əleyhinədir".

Qeyd edək ki, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İran tərəfindən əhatələnən Xəzərin ümumi uzunluğu 7000 kilometri keçir. Qapalı hövzə olması Xəzərin statusunun dəniz, yoxsa göl olması ilə bağlı çaşqınlıq yaradıb. Neft və təbii qaz ehtiyatları baxımından zəngin olması və kəşf edilməyi gözləyən çoxlu sayda yatağın mövcudluğu bu dənizin statusunu ön plana çıxarır.

Xəbər lenti
0