Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Cəmiyyəti cəzalandırmaq üçün canına qəsd etmək...

CC0 / Pexels / handİntihar
İntihar - Sputnik Azərbaycan
Abunə olmaq
Getdikcə kütləviləşən intihar halları cəmiyyətimizin böyük bəlasına çevirilib. Mütəxəssislər bu problemdən bir neçə çıxış yolu göstərirlər.

BAKI, 13 iyul — Sputnik. "İntiharlar müxtəlif səbəblərdən meydana çıxır. Amma əsas səbəb ümidsizliyin yaranmasıdır".

© Sputnik/ Мурад ОруджевTariyel Faziloğlu,Humel psixoloqiya mərkəzinin direktoru
Tariyel Faziloğlu,Humel psixoloqiya mərkəzinin direktoru - Sputnik Azərbaycan
Tariyel Faziloğlu,Humel psixoloqiya mərkəzinin direktoru

Psixoloq Tariyel Faziloğlu Sputnik-ə açıqlamasında belə deyib. Onun sözlərinə görə, istənilən bir məsələ ilə bağlı həddindən artıq həssas davranıldıqda və istənilən nəticə əldə edilmədikdə, insan intihara cəhd edə bilər ki, bu, əsas motivlərdən biridir.

"Digər səbəb cəzalandırmaq motividir. Bu, əsasən uşaqlarda və yeniyetmələrdə olur. Ümumiyyətlə, intihar halları əsasən yeniyetmə dönəmində və 50 yaşdan yuxarı insanlarda daha çox özünü göstərir. Çünki, yeniyetmə dövründə yeniyetmələr və uşaqlar daha çox emosional olurlar. Ona görə də istənilən reaksiya onlarda qeyri-real dərəcədə yüksək emosionallıq və affekt vəziyyəti yarada bilir", — psixoloq bildirib.

T. Faziloğlunun dediyinə görə, bəzən yeniyetmələr ətrafındakıları, cəmiyyəti cəzalandırmaq üçün intihar edirlər: "Bu, əsas motivlərdən biridir. Yeniyetmələrdə əsas səbəblərdən biri də özünü təsdiq ehtiyacıdır. Özünü təsdiq edə bilməyəndə və yaxud qarşı cinsdən özünə qarşı hər hansı bir istədiyi emosional münasibətin qarşılığını görmədiyi zaman intihara əl ata bilərlər".

"Ümumiyyətlə, intiharların kökündə duran əsas səbəb daxili istəklərimizin, hədəflərimizin yerinə yetməməsi, istəklərimizin qarşılıq görməməsi və yaxud arzularımızın fiaskoya uğraması ilə bağlıdır", — ekspert qeyd edib.

İntihar hallarının qarşısını almaq üçün atılmalı olan addımlara gəlincə: "İlk növbədə profilaktik tədbirlər var. Yeniyetmələrin ayda 1 və ya 2 dəfə psixoloji konsultasiya alması onları emosional yüklənməndən xilas edir. Bu, həm intihara meylliliyin qarşısını alır, həm də zərərli vərdişlərdən uzaqlaşdırmış olur. Çünki, emosional yüklənmə üst-üstə gəldikcə intihar vəziyyəti yarana bilər. İnsanlar emosiyalarını boşaltmaq üçün ya bir mütəxəssis, ya da yaxınları ilə danışmalıdırlar".

© Sputnik.azHacı Adil Hüseynov_ilahiyyatçı
Hacı Adil Hüseynov_ilahiyyatçı - Sputnik Azərbaycan
Hacı Adil Hüseynov_ilahiyyatçı

Psixoloq bildirib ki, emosional yüklənmənin əsas səbəblərindən biri də münasibətlərin virtuallaşmasıdır: "İnsanlar canlı ünsiyyətdən uzaqlaşdıqca intihar halları artacaq. Çünki, canlı ünsiyyət zamanı insanlar emosional boşalma yaşaya bilirlər. Amma virtual aləmdə emosional yüklənmə yaşayırlar. Bunlar tam fərqlidir. Münasibətlər virtuallaşdıqca insanlar istəklərini tam ifadə edə bilmirlər. Canlı ünsiyyətə daha çox zaman ayırmağa ehtiyac var. Heç olmazsa, ayda 1 dəfə mütəxəssis dəstəyi ala bilərlər".

"Dünyanın inkişaf etmiş ölkələrində, ən azı ayda 2 dəfə mütəxəssis dəstəyi almaq insanlar üçün məcburidir. Canlı ünsiyyət məhdudlaşdıqca intiharın sayı artır. Ona görə də bunu məcburi şəkildə ediblər", — deyə T. Faziloğlu qeyd edib.

Teoloq hacı Adil Hüseynoğlu isə Sputnik-ə açıqlamasında, intiharın İslam dinində qəti surətdə haram əməl hesab olunduğunu deyib: "Əgər insan özünə qəsd edirsə, deməli cəmiyyətə, ictimaiyyətə də qəsd etməyə bunun psixoloji durumu imkan verir. İkincisi, Allahın insana verdiyi canı yalnız özü ala bilər. İslam tövsiyə edir ki, insan baş verən kritik hadisələrin qarşısında özünü səbirli aparmağı bacarmalıdır".

"İnsan psixoloji gərginlikdə olarkən mütləq Allahın adını zikir etməli, daha çox ibadət, Allaha təvəkkül etməlidir. Gözlənilməyən yerdən insanın müşkülü elə həll oluna bilər ki, insan özü də bunu bilməz", — ilahiyyatçı bildirib.

Onun qənaətincə, cəmiyyətdə dini maarifləndirmə ilə bağlı boşluqlar, məlumatsızlıq intihar hallarının kütləviləşməsinə gətirib çıxarır: "Ruh Allahın insana verdiyi bir əmanətdir və özü istəyəndə onu geri alacaq. Ona görə də ona xəyanət edə bilmərik. İntihar hallarının qarşısını almaq üçün ailələrdə, məktəblərdə, ətrafımızda İslami maarifləndirmə aparılmalıdır".

Xəbər lenti
0