Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 13 iyul — Sputnik. İyulun 12-də Lənkəranda və Lerikdə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafisəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin qarşıda duran vəzifələrlə bağlı ictimai dinləmələr keçirilib.
Sputnik-in bölgə müxbiri xəbər verir ki, tədbir Lənkəranda Heydər Əliyev Mərkəzində baş tutub və tədbirdə rayon icra strukturlarının nümayəndələri, hüquq mühafizə orqanlarının, yerli QHT-lərin və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov çıxış edərək bildirib ki, Lənkəran rayonunda Milli Fəaliyyət Proqramından irəli gələn vəzifələrlə əlaqədar vətəndaş hüquq və azadlıqlarının qorunması istiqamətində ardıcıl olaraq bir sıra tədbirlər həyata keçirilir. Sonra isə Ombudsman Elmira Süleymanova çıxış edərək bildirib ki, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq əsas vəzifələrdən biridir və bu sahədə Milli Fəaliyyət proqramı uğurla həyata keçirilir.
Daha sonra bir sıra rayon ictimaiyyətinin nümayəndələri çıxış edərək Lənkəranda insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərdən söz açaraq öz təkliflərini bildiriblər.
Elə həmin gün növbəti dinləmə Lerikdə rayonun Mədəniyyət Mərkəzində baş tutub. Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən bağırov çıxış edərək "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın icrası istiqamətində Lerik rayonunda görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib.
Qeyd edək ki, hər iki rayonda keçirilən tədbirin sonunda ombudsman Elmira Süleymanova bir qrup rayon sakinlərini qəbul edib və hər iki rayonun polis şöbələrinin müvəqqəti saxlama yerlərinə baş çəkərək buradakı şəraitlə tanış olub.