BAKI, 13 iyul-Sputnik. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təntənəli açılış mərasiminin keçirilməsindən 10 il ötür.
13 iyul 2006-cı il tarixində Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan (Adana vilayəti) limanında Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təntənəli açılışı olub.
Təntənəli mərasimdə Azərbaycan, Türkiyə və Gürcüstanın o vaxtkı prezidentiləri İlham Əliyev, Əhməd Necdət Sezər və Mixeil Saakaşvili, layihədə təmsil olunan neft şirkətlərinin rəhbərləri, ümumilikdə 30-dək ölkənin nümayəndə heyəti iştirak edib.
BTC neft kəmərinin işə salınması Azərbaycanın müstəqil neft strategiyasının zəfəri idi. 1999-cu ilin 18 noyabrında BTC-yə dair "İstanbul bəyannaməsi"nin imzalanması ilə başlanan çətin yol uğurla başa çatmışdı.
Kəmərin uzunluğu 1768 km (443 km Azərbaycan, 249 km Gürcüstan, 1076 km Türkiyə ərazisində), gündəlik nəqletmə gücü 1 mln. barreldir. Neft kəməri 2008-ci ildən ixrac gücü ilə işləyir.