BAKI, 12 iyul — Sputnik. YUĞ Dövlət Teatrında gürcü yazıçı Gela Dumbadzenin "Məhşər günü" pyesi əsasında hazırlanan eyniadlı tamaşa göstəriləcək. Bu barədə Sputnik-ə teatrın mətbuat xidmətindən məlumat verilib.
Tamaşaya baş rejissor Gümrah Ömər quruluş verib. Tamaşanın musiqi tərtibatçısı Amid Qasımov, quruluşçu rəssamı Umay Həsənova, xoreoqrafı isə Mikayıl Mikayılovdur.
Pyesi Azərbaycan dilinə dramaturq Nəriman Əliyev tərcümə edib. Janrı bir bölümlü əcəl oyunu kimi təyin olunan tamaşada, əməkdar artist Vidadi Həsənov, aktyorlar Amid Qasımov və Könül Cəfərzadə çıxış edir.
Tamaşada uğurlu karyera qurmuş, bu yolda bir sıra mənəvi dəyərlərini itirmiş və ölümə məhkum edilmiş, istedadlı, təcrübəli dövlət müşavirindən bəhs edilir. Tamaşanın xronometrajı 70 dəqiqədir.