BAKI, 12 iyul — Sputnik. "Əslində Azərbaycanda problemli kreditlərin həcmi daha böyükdür. Sadəcə Mərkəzi Bank öz hesabatında Beynəlxalq Bankda yaranmış problemli kreditləri ümumi portfeldən ayırıb. Yəni, onları da bu portfelə qatsaq, kifayət qədər böyük bir məbləğ alınır və bunun getdikcə artmasının bank sistemi üçün çox böyük təhlükələri var".
Bunu, problemli kreditlərlə bağlı Sputnik-ə açıqlamasında, iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, Mərkəzi Bankın açıqladığı 1,5 milyard manatdan çox problemli kreditlərin həcmi ümumi kredit portfelinin 8 faizini keçib: "Dünya təcrübəsində isə problemli kreditlərin həcmi ümumi kredit portfelinin 3 faizini keçərsə, bu, böyük bir təhlükənin baş verdiyindən xəbər verir və banklar bu məsələyə daha ciddi yanaşmağa başlayır".
"Azərbaycanda isə bu, beynəlxalq normanı, az qala 3 dəfə üstələyir. Problemli kreditlərin artım tempi də göstərir ki, getdikcə hər ay problemli kreditlərin həcmi artacaq və artmaqda da davam edir. Bu da bankları daha da çıxılmaz vəziyyətə salıb. Banklar kreditləri toplaya bilmirlər deyə, yeni kredit xətlərinin açılmasında da problemlər yaşayırlar", — ekspert bildirib.
İqtisadçının fikrincə, hökumət və Mərkəzi Bank problemli kreditlərin artmasını 1-ci və 2-ci devalvasiyadan əvvəl proqnozlaşdırmalı idi: "Tez bir zamanda komissiya yaradılmalı və bu problemin qarşısını almaq üçün müəyyən yollar düşünülməli idi".
O bildirib ki, problemli kreditlərin həcminin getdikcə artması gələcəkdə daha ciddi problemlərə səbəb olacaq: "Bankların fəaliyyəti iflic vəziyyətinə düşə bilər. Hökumət də, Mərkəzi Bank da bank sistemini qurtarmaq üçün sonradan daha artıq xərc qoymağa məcbur olacaq, onların dəstək proqramına ehtiyacı yaranacaq. Yəni, banklar öz gücünə bu problemi həll edə bilməyəcək. Amma daha öncədən bu proqramlar qəbul edilsəydi, bu gün banklar daha az ziyanla çıxa bilərdi. Zaman keçdikcə problemi kreditlərin həcmi də artır və bunun həll olunmasına sərf olunacaq vəsaitin həcmi də artacaq".
"Ən yaxşı çıxış yolu məsuliyyət bölgüsüdür. Yəni, məsuliyyət vətəndaş, bank və hökumət arasında bərabər bölünməlidir ki, bütün yük vətəndaşın, ya da bankın üzərində qalmasın. Vaxt uzandıqca ziyanın həcmi və onun iqtisadiyyata vurduğu zərbə də daha güclü olacaq", — deyə ekspert qeyd edib.
Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov da Mərkəzi Bankın açıqladığı rəqəmlərin həqiqəti əks etdirmədiyini düşünür. "Əslində, problemli kreditlər daha çoxdur. Beynəlxalq reytinq agentliklərinin açıqlamasına görə, Azərbaycanda problemli kreditlərin həcmi ümumi kredit portfelinin ən azı 20 faizindən çoxdur", — o, Sputnik-ə açıqlamasında deyib.
Ekspertin sözlərinə görə, banklar problemli kreditlərin həcmini gizlədir: "Ona görə ki, problemli kreditlər üzrə banklar ehtiyat yaratmalıdır və bunun üçün də pul lazımdır, pulları da yoxdur. Ona görə də əslində problemli kreditlərin həcmi 20 faizdən də çoxdur".
Problemdən çıxış yollarına gəlincə, ekspert deyib ki, problemli kreditlərin xeyli hissəsi elə bank sahiblərinin və bankı idarə edən şəxslərin özlərinə, yaxınlarına verdiyi kreditlərdir: "Onlar da götürdükləri kreditləri qaytarmırlar. O pullar mənimsənilib. Adını da qoyublar ki, problemli kreditlərdir. Ona görə də dövlətin ilk addımı o olmalıdır ki, bununla əlaqədar banklarda yoxlama aparılsın. Bu yol ilə xeyli kreditləri qaytarmaq olar. Digərləri isə doğrudan problemli kreditlərdir və kənar şəxslərə, əhaliyə, sahibkarlara verilib".
Ə. Həsənov ilk növbədə "Müflisləşmə haqqında" Qanunun qəbul edilməsini təklif edir: "Kim borcunu ödəyə bilmirsə, həmin borc bağışlanmalıdır. Bu, yalnız vətəndaşın xeyrinə deyil, həm də bankın xeyrinədir".
"Amma o biri kreditlər üzrə güzəştlər tətbiq edilməlidir. Xüsusən də dollar kreditləri üzrə. Bunun üçün müəyyən güzəşt sistemi yaradılmalıdır. Bu addımları atmaq lazımdır ki, problemli kreditlər artmasın", — deyə ekspert bildirib.
Qeyd edək ki, ölkəmizdə ödəniş vaxtı keçmiş kreditlərin ümumi həcmi iyun ayının 1-nə 1 milyard 514,2 milyon manat təşkil edib. Təkcə may ayında problemli kreditlərin həcmi 132,9 milyon manat artıb. Ötən ilin sonuna nisbətən vaxtı keçmiş kreditlər 5,7 milyon manat və yaxud 0,37% artıb. Son bir ildə isə problemli kreditlər 201 milyon manat və yaxud 15,3% çoxalıb.