BAKI, 12 iyul — Sputnik. Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü avqust ayında Bakı şəhərində keçiriləcək. Sputnik-in məlumatına görə, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bir qədər əvvəl Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov da Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşünün keçiriləcəyini bildirmişdi. İran prezidenti Həsən Ruhani və Rusiya prezidenti Vladimir Putin bu məqsədlə Bakıya səfər edəcək.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə demişdi ki, Rusiya, İran və Azərbaycan prezidentlərinin görüşünə hazırlıq gedir. Görüş ilin ikinci yarısının əvvəllərinə planlaşdırılır.
Ondan əvvəl isə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Azərbaycan, İran və Rusiya prezidentlərinin bu ilin ikinci yarısında görüşəcəklərini demişdi. O, bu görüşün Bakıda baş tutacağını bildirmişdi.
Görüşün məqsədi ilə bağlı rəsmi açıqlama verilməsə də, diplomatik mənbələr bunun regionun geosiyasi gələcəyi, üçtərəfli əməkdaşlıq, regional enerji təhlükəsizliyi, Xəzərin birgə qorunması ilə bağlı olacağını bildirirlər.