BAKI, 11 iyul — Sputnik. İranın nazirlər kabineti Ermənistanla viza rejiminin ləğvi haqqında sazişi təsdiq edib. Sputnik bu barədə İranın Mehr agentliyinə istinadən xəbər yayır.
Qərar Nazirlər Kabinetinin iclasında qəbul olunub. Yeni qərara görə, diplomatik və adi pasport sahibləri, həmçinin Ermənistan ərazisindən tranzit kimi istifadə edən və bunu göstərən sənədə sahib hər kəs İrana vizasız keçə biləcək.
Keçən ayın 16-da Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan və iranlı həmkarı Məhəmməd Cavad Zərif iki ölkə arasında viza rejiminin ləğv edilməsi haqqında saziş imzalayıb. Sözügedən müqavilə daha əvvəl Ermənistan hökuməti tərəfindən təsdiq edilmişdi. Sənədə əsasən, iki ölkə vətəndaşları, giriş vizası olmadan qonşu ölkədə 90 gün ərzində qala biləcəklər.