Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 11 iyul — Sputnik. İyulun 3-ü axşam saatlarında Şəkinin Kiş kəndinin ətəyindən keçən Kiş çayında baş verən dəhşətli daşqın kəndi Şəki şəhəri ilə ayıran iri körpünü özü ilə aparmışdı. Sputnik-in bölgə müxbirinin verdiyi məlumata görə, artıq kənddə həyat normal axarına düşməyə başlayıb.
Seldən sonra Kiş çayı üzərindəki körpünün əvəzinə alternativ yol çəkilib. Ancaq Kiş çayı yenə də öz gücünü göstərir. Çayda suyun yenidən artması ilə su alternativ yolu da yuyub aparıb. Hansı ki, "Azəravtoyol" ASC-nin texnikaları və işçi qüvvəsi ərazidə bərpa işlərinə başlamışdı və 4 ədəd 1500 diametrlik borular quraşdırılaraq, üzərində müvəqqəti istifadə üçün yol salınmışdı.
Çay suyunun öz məcrasından çıxması nəticəsində bərpa olunmuş yol tamamilə dağılıb. Hazırda alternativ yolun yenidən bərpası istiqamətində iş aparılır.
Bununla yanaşı, Kiş çayı üzərində yerləşən və sel suları nəticəsində dağılmış körpünün bərpa edilməsi istiqamətində də hazırlıq işləri görülür. Bunun üçün hazırda sözügedən əraziyə xüsusi texnika gətirilir və lazımi tikinti materialı toplanır.
Xatırladaq ki, iyul ayının 3-ü gecə saatlarında Şəki rayonu ərazisində yerləşən yerli əhəmiyyətli Şəki-Kiş avtomobil yolunun 1-ci kilometrliyində, Kiş çayı üzərində yerləşən iki aşırımlı avtomobil körpüsünün orta dayağını dağlardan gələn lil-sel kütləsi yuyub aparmış, nəticədə körpünün hər iki aşırımı uçduğundan Kiş kəndinin rayon mərkəzi ilə avtonəqliyyat əlaqəsi tamamilə kəsilmişdi. Yerli sakinlərin sözlərinə görə, sözügedən bölgədə analoji hadisə axırıncı dəfə 1980-ci ildə baş verib.
Kənd sakini Orxan Umudxanov Sputnik-ə bildirib ki, kəndin yuxarı hissəsində yerləşən Narın qala yaxınlığındakı kafelərdə işləyən uşaqlar kəndlilərə zəng edərək dağ ətəyindən selin başladığını xəbər veriblər: "Biz hava qaralan vaxt gurultulu səslər eşitdik. Kafedə işləyən uşaqlar zəng eləyib dedilər ki, mərhələ-mərhələ sel gəlir, camaat kəndin sel tutan ərazilərindən uzaqlaşsınlar. Çünki o sel şəklində deyil, soyuq vulkan şəklində gəlir".
"Biz əvvəl elə bildik, uşaqlar bizimlə zarafat edirlər. Sonra gördük ki, həqiqətən də çayın məcrasında nəsə baş verir. Çayın sahilinə yığışdıq. Birinci vulkan şəklində sel gəldi. Sonra növbəti mərhələlər oldu. Beşinci dalğa körpünü qoparıb apardı", — deyə Orxan Umudxanov bildirib.
Xoşbəxtlikdən kənd sakinlərinə ziyan dəyməsə də, kəndin işığı, qazı, elektriki kəsilib. Ən əsası isə, kənd camaatının ətraf aləmə çıxışını təmin edən yeganə körpü sel sularına qurban gedib. Amma müvafiq dövlət qurumları bu fəlakətin nəticələrini qısa zamanda aradan qaldırmağa nail olub.
"Bu, seldən çox vulkan püskürməsinə və sunamiyə bənzəyirdi. Nəhəng lava dalğaları bir-birini qova-qova gətirirdi. Bu mənzərəni izləməyin özü dəhşətli idi. Mən anadan olandan indiyə kimi heç vaxt belə mənzərə görməmişdim. Böyüklərin dediyinə görə, buna oxşar sel axırıncı dəfə 1980-ci ildə olub" —Umudxanov qeyd edib.
Selin bu şəkildə gəlməsinin səbəblərinə aydınlıq gətirən kənd sakini deyib ki, dağda səhərdən başlayan güclü yağışlar dərələrə süzülərək çaylar əmələ gətirir. Onlar axaraq bir-biri ilə birləşir, dərələrdə olan nə varsa, qabağına qataraq çayın məcrasına gətirirlər. Nəticədə də belə qorxunc sel əmələ gəlir.
Qeyd edək ki, Kiş kəndi Azərbaycan Respublikasının şimal-qərb zonasında yerləşən Şəki coğrafi rayonunun qədim kəndlərindən biridir. 7000 nəfər əhalisi olan kəndin ərazisi turizm üçün əlverişlidir. Dörd tərəfdən dağla əhatə olunan kəndin əsas hissəsi "Tat" dağının ətəyində yerləşir.
Öz mənbəyini Kiçik Qafqaz Sıra dağlarından götürən kəndin kənarından axan eyni adlı çay daşqın çayları sırasına daxildir. Meşə ilə əhatə olunan çay relyefinin mənzərəli görünüşü var. Kəndin və Şəki rayonun şirin su ehtiyatı məhz bu çayın hesabına ödənilir.