BAKI, 11 iyul — Sputnik. "Dövlət hotellərdə qiymət siyasətini müəyyənləşdirmir. Ona görə də hotellərdə qiymətlərin formalaşdırılmasına dövlət təsir edə bilməz".
Sputnik xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət" mövzusunda müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimində deyib. Onun sözlərinə görə, qiymətlər fərdi sahibkarlar tərəfindən müəyyən olunur.
"Dövlət olaraq biz sahibkarları maarifləndirə, onlara treninqlər keçə və qiymət formalaşdırılmasında onlara tövsiyələr verə bilərik", — nazir bildirib.
O vurğulayıb ki, Azərbaycanda turizm bazarı heç bir monopoliyaya məruz qalmır: "Hər kəs bu sahə ilə məşğul ola bilər. Bu sahədə hər şey çox şəffafdır və ona görə də dövlətin bura müdaxilə etməsi yersizdir".
"Azərbaycanda turizimin inkişafı prioritet istiqamətlərdən biridir. Daxili turizm ona görə inkişaf etməlidir ki, Azərbaycan vətəndaşları kənara getməsin, ölkədən kənara valyuta axını olmasın", deyən Ə. Qarayevin sözlərinə görə, ölkədə keçirilən beynəlxalq tədbirlər turizmin inkişafına xeyli müsbət təsir edib.