BAKI, 11 iyul — Sputnik. Azərbaycanda bu ilin yanvarınadək 1,3 milyon baş inək və camış olduğu halda, 2015-ci ildə ölkə üzrə 1,9 ton süd istehsal edilib. Bu da hər sağılan qaramala görə sutkada 4,9 kq süd deməkdir. Çox aşağı məhsuldarlıq göstəricisi sayılan belə göstərici həm təsərrüfatların gəlirlə işləməməsinə səbəb olur, həm də bu qədər heyvanın bəsləndiyi ətraf mühitə və təbii ehtiyatlara ciddi ziyan vurur.
Halbuki Respublikadakı modern südçülük və ətçilik komplekslərində hər inəkdən sutkalıq süd istehsalı orta hesabla 20,5 kq təşkil edir, ayrı-ayrı təsərrüfatlarda isə bu rəqəm 28-29 kq da olur. Səbəb isə birdir — modern südçülük komplekslərində saxlanılan heyvanlar yüksək məhsuldar cinslərdən olmaqla, yüz faiz süni yolla mayalandırılır.
Kənd Təsərrüfatı Nazirliyi Göygöl rayonunda Respublika Süni Mayalama Mərkəzinin (RSMM) yeni kompleksinin inşasını başa çatdırmaq üzrədir. Nazirliyinm mətbuat xidmətindən Sputnik-ə bildiriblər ki, Mərkəzin layihələndirilməsində Türkiyə, Fransa, Almaniya və Hollandiyanın təcrübəsindən istifadə edilib.
Bu ölkələrdən dəvət edilmiş mütəxəssislər layihənin hazırlanmasında və inşaatın gedişində iştirak ediblər. İnşaat işləri və Mərkəzin funksional planı FAO-nun ekspertləri ilə müzakirə edilmiş və onların tövsiyələri nəzərə alınıb.
RSMM respublikada qaramalın çoxaldılması üçün damazlıq materialına olan tələbatı tam qarşılayacaq və yerli heyvan cinslərindən istifadə etməklə yetişdirilmiş cinslərin də genetik imkanlarından istifadə etməyə şərait yaradacaq. RSMM həmçinin, təlim — təkmilləşdirmə mərkəzi kimi də fəaliyyət göstərəcək. Bunun üçün Mərkəzdə tədris otaqları, nümayiş sahəsi və təlim iştirakçılarının qalması üçün tədris mehmanxanası yaradılacaq.
RSMM-də istifadə ediləcək törədici buğa və kəllər xarici ölkələrdən idxal olunacaq və törədici heyvanlar tam qapalı şəraitdə saxlanacaq, yemin paylanması və mikroiqlim parametrlərinin stabilliyi avtomatik olaraq kompüterləşmiş sistem vasitəsilə idarə ediləcək. Qapalı şəraitdə saxlama və törədici heyvanların sağlamlıq statusunun stabil olması başlıca beynəlxalq tələblərdən biridir və mərkəzdə istehsal edilmiş genetik materialın ixrac imkanlarını artıracaqdır.
Hazırkı mərhələdə RSMM-in laboratoriyası, karantin izolyatoru və klinikası xüsusi təyinatlı avadanlıqlarla təchiz edilməlidir. Laboratoriya avadanlıqları bu sahədə dünyada liderlik edən Fransanın "İMV technologies" şirkətinin istehsalıdır.
RSMM-in istifadəyə verilməsi ilə maldarlıqda damazlıq işinin inkişaf etdirilməsi baxımından tam yeni yanaşma tətbiq ediləcək. Belə ki, RSMM Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun embrion transplantasiyası laboratoriyası ilə əlaqəli şəkildə fəaliyyət göstərməklə respublikanın yerli genofonduna daxil olan, müxtəlif coğrafi — iqlim şəraitlərinə uyğunlaşmış və müsbət təsərrüfat göstəricilərinə malik cinslərə məxsus törədici heyvanların da saxlanılaraq onlardan alınmış genetik materialın yayılması işini də həyata keçirəcək.
Qeyd edək ki, dövlət başçısının 30 iyun 2016-cı il tarixli Sərəncamı ilə ayrılmış 8,4 milyon manat bu kompleksinin tikintisinin tamamlanmasına, avadanlıq və qurğuların alınmasına və quraşdırılmasına sərf ediləcək.