BAKI, 11 iyul — Sputnik. "Hazırda tibb elmində təzyiq xəstəliyinin (hipertoniya) əmələ gəlməsinin səbəbini müəyyən edən mükəmməl bir nəzəriyyə yoxdur. Bu gün tətbiq olunan nəzəriyyə də ilk olaraq genetik meyillilik məsələsini ortaya qoyur. Hansı ailədə arterial hipertenziyadan əziyyət çəkən bir valideyn varsa, onların uşaqlarında və sonrakı nəsillərdə həmin xəstəlik özünü göstərir".
Bunu həkim, tibbi ekspert Rasif Bağırov Sputnik-ə açıqlamasında deyib. Onun sözlərinə görə, arterial hipertenziyanın qalxmasında başqa səbəblər də var: "Arterial təzyiqin aşağı salınması üçün istifadə olunan preparatlar bügünkü nəzəriyyəyə görə, daimi qəbul olunmalıdır".
"Təcrübə göstərir ki, dərmanları daimi və uzun müddət qəbul edəndə xəstələrin həm ürək-damar sistemində, həm mərkəzi sinir sistemində ola biləcək dəyişikliklər, hətta geriyə inkişaf edib normal vəziyyətə qayıda bilir. Ürək əzələsinin böyüməsinin qarşısı alınır", — həkim bildirib.
R. Bağırovun sözlərinə görə, xalq təbabətində bu xəstəliyə qarşı müəyyən bitkilərdən, üsullardan istifadə edilir: "Amma o üsullarla arterial təzyiqi lazımi səviyyədə saxlamaq mümkün deyil. Mütləq dərman preparatları qəbul olunmalıdır. Xalq təbabəti ilə bu prosesi tənzimləmək qeyri-mümkündür".
"Yüngül, ilkin başlayan variantlarda damar divarlarını genişləndirən müəyyən sakitləşdirici preparatlardan, qida məhsullarından, bitkilərdən istifadə etmək olar. Amma bu da uzun müddət bunu saxlaya bilməz", — ekspert vurğulayıb.
O, arterial təzyiqin sağalan proses olmadığını da qeyd edib: "Ona görə sağalmır ki, bu gün onun əmələ gəlmə səbəbləri tam axıra qədər öyrənilməyib, inkişaf mexanizmi bilinmir. Biz hələ ki, etioloji müalicə apara bilmirik. Ona görə də onu daim müalicə etmək məcburiyyətində qalırıq".
Bağırovun fikrincə, bu xəstəliklə mübarizə zamanı xörək duzundan, yağlı qidalardan istifadə məhdudlaşdırılmalıdır: "Hətta təzyiqi olmayan insanlar uzun müddət xörək duzu qəbul edəndə arterial təzyiq xəstəliyinə tutulmaq praktik olaraq özünü göstərib. Kifayət qədər xəstələr var ki, uzun müddət xörək duzundan istifadə edəndə onlarda arterial hipertenziya inkişaf edib. Bu, elmi cəhətdən də özünü göstərib".
"Ağartı məhsullarının təzyiqi salmaqla heç bir əlaqəsi yoxdur. Sadəcə indi insanlar müəyyən psixoloji məqamlarla özlərini sakitləşdirirlər. Ağartı məhsullarının təzyiqi salmaq funksiyası yoxdur", — deyə ekspert əlavə edib.