BAKI, 10 iyul-Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dünyada təhlükələrin artmasından danışıb.
Sputnik-in məlumatına görə, prezident deyib ki, dünyada təhlükələr durmadan artır və iqtisadi böhran daha da dərinləşir. Bütün ölkələr bu böhrandan bu və ya digər şəkildə əziyyət çəkir.
"Bu ilin 6 ayında Azərbaycanın xarici siyasəti fəal olub. 10-dan çox dövlət və hökumət başçısı Azərbaycana səfərə gəlib. Mənim də xarici ölkələrə səfərlərim Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edib." — deyə İ.Əliyev bildirib.
Prezident deyib ki, bu ilin 6 ayında ümumdaxili məhsulun (ÜDM) azalmasına baxmayaraq, sənaye və kənd təsərrüfatında, o cümlədən qeyri-neft artım müşahidə olunur:
"Bu ilin 6 ayında ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub və xarici investorlar üçün Azərbaycan cəlbedici ölkə olaraq qalır. Son 6 ayda 78 min daimi iş yeri açılıb, sosial tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb".
Dövlət başçısı 2016-cı ilin tarixdə dərin islahatlar ili kimi qalacağını deyib: "Strateji nəqliyyat və enerji layihələri uğurla icrası istiqamətində də tədbirlər davam etdirilir".