BAKI, 7 iyul-Sputnik. Yay aylarını dənizə getmədən, parkda istirahət etmədən təsəvvür etmək mümkün deyil. İşdən sonra olsa belə, uşaqları hava almaq üçün valideynlər parklara aparır. Həm özləri, həm uşaqlar mədəni istirahət edir.
Bəs parklar necə, istirahət üçün insanların cibinə uyğundur? Sputnik-in əməkdaşı şəhərin mərkəzində yerləşən parklardan birində olub və parkda son vəziyyəti araşdırıb.
Bu arada qeyd edək ki, karta 15 manat ödəyənlərə "Koala Park"dan kartof fri və sərin içki, 20 manatlıq karta pul yükləyənlərə isə sərinləşdirici içki və kiçik həcmli pizza pulsuz olaraq verilir. Atraksionların qiyməti 1-2 manat arası dəyişir. Bir atraksion 3 dəqiqə işləmək müqabilində bu pulu sizdən alır.
Bir neçə atraksionu keçəndən sonra gözə dəyən "Koala kafe"də isə vəziyyət heç də ürəkaçan deyil. "Espresso" adlı 50 qramlıq kofe müştərilərə 2 manata satılır. Menyudakı ən ucuz şey 1 manata satılan 1 fincan çaydır. Tabaka və Steyki 15 manata almaq olar. Təklif olunan digər təamlar 1-15 manat arasında dəyişir. Menyuda kokteyllər, çay, kofe, isti yeməklər, pizzalar, salatlar, sərinləşdirici içkilər və s. var.
Parkda təhlukəsizlik sistemi yaxşı səviyyədədir. Yarım saatdan bir valideynlərə təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırıcı xəbərlər oxunur. Kafe təmiz, xidmət yaxşı vəziyyətdədir.
Əgər sizin bir uşağınız varsa və onunla birlikdə "Koala park"da istirahət etmək istəyirsinizsə, ən azı 20 manatınızdan keçməlisiz.