BAKI, 8 iyul — Sputnik. Azərbaycanda nikaha daxil olanların sayı əhəmiyyətli dərəcədə azalıb. Ötən il ölkəmizdə 68 min 773 nikah qeydə alınıb ki, bu da son 6 il ərzində nikaha daxil olanların sayında qeydə alınan ən aşağı göstəricidir. Bunun müqabilində isə, ölkədə dağılan ailələrin sayı sürətlə artır. Qeydə alınan boşanmalar əvvəlki illərlə müqayisədə üstünlük təşkil edir.
Görəsən nikaha daxil olmaq istəyənlərin sayı hər gün niyə bir az daha azalır və boşanmalar niyə getdikcə artır?
Sputnik-in məlumatına görə, sosioloq Əhməd Qəşəmoğlu ATV-yə bu problemin cəmiyyətdə gedən proseslərlə bağlı olduğunu bildirib:
"Ailələrin dağılmasında mənəvi amillər çox mühüm rol oynayır. Son dövrlər Azərbaycanda əhalinin ailə barədə təsəvvürü dəyişməyə başlayıb. 30-40 il bundan əvvəl ailə Azərbaycan vətəndaşı üçün zəruri idisə, indiki vaxtda bu dəyərlər dəyişib. Müasir gənclərin ailə barədə təsəvvürlərini 30-40 il bundan əvvəlki fikirlər ilə müqayisə etmək çətindir. Əvvəllər qurulan ailələr çox nadir hallarda dağılardı. Boşanmaq cəmiyyətdə qeyri-adi hal kimi qarşılanardı. İndi isə insanlar buna adi hal kimi yanaşır. Ona görə də, indi qurulan ailələr tez dağılır.
Digər bir tərəfdən, ailə qurarkən fiziki sağlamlığı nəzərə almaq lazımdır. Çox təəssüf ki, son dövrlər xüsusilə gənclərimiz arasında fiziki cəhətdən ailə qurmaq üçün vacib olan mühüm amillərlə bağlı problemlər çoxalmağa başlayıb. Bu da ailə qurmağa təsir edən əsas problemlərdən biridir".
Sosioloq bütün bunları xoşagəlməz hallar kimi dəyərləndirib:
"Ailə cəmiyyətin bir özəyidir. Ailələrin möhkəm olduğu cəmiyyət daha möhkəm olur. Bu baxımdan, məsələyə diqqət artmalıdır."