BAKI, 8 iyul-Sputnik. Ukraynanın Xerson şəhərində azərbaycanlı iş adamı, diaspor rəhbəri İlham Tağıyevin qətlində adı hallanan Nazim Məmmədov iddialara cavab verib.
N. Məmmədov APA-ya bildirib ki, mərhumun oğlu Sərxan Tağıyevin qətldə onu ittiham etməsinin heç bir əsası yoxdur, istintaqla da sübut edilib ki, onun bu işdə heç bir rolu olmayıb.
N. Məmmədovun sözlərinə görə, Xerson şəhər Polis İdarəsindən də İ. Tağıyevin oğluna izah edilib ki, iş bağlanıb, müttəhimlər artıq məhkəmə qarşısına çıxarılıb, Nazim və Eynulla Məmmədovların bu işlə heç bir əlaqəsi yoxdur:
"Buna baxmayaraq, əl çəkmirlər, məni bu işə qatmaq istəyirlər. Əvvəla deyim ki, rəhmətlik İlham Tağıyevlə biz yaxın qohumuq, qudayıq. İkincisi, onun mənimlə heç bir problemi olmayıb. Olsa belə, mən ağlımı o qədər itirmişəm ki, qız köçürüb, qohum olduğum qudamı öldürüm?"
Əvvəllər həbsdə olduğunu xatırladan N.Məmmədov deyib ki, əgər bu işlə cüzi bir bağlılığı olsaydı, polis keçmiş məhkum kimi ondan əl çəkməzdi:
Qeyd edək ki, N. Məmmədov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Bakının mərkəzi üzrə səlahiyyətli nümayəndəsi, İçəri Şəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədlinin qardaşıdır.
Xatırladaq ki, Xerson vilayətindəki Azərbaycan Konqresinin sədr müavini, iş adamı İlham Tağıyev 2015-ci il avqustun 17-də evinin qarşısında öldürülüb. Onun qətli ilə bağlı milliyyətcə erməni olan Karapetyan Sergey Razmikoviç, Montiyan Xaçik Stepanoviç, Ukrayna vətəndaşı Aleksandr Kovalenko və Allahverdiyev Naim Balakişi oğlu tutulub.
Ötən il dekabrın 15-də isə daha bir nəfər — İlham Məmmədov Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən Lənkərandan İrana keçmək istəyərkən saxlanılıb. Hazırda qətllə bağlı Xerson şəhərində məhkəmə prosesi davam edir.
İ. Tağıyevin oğlu S. Tağıyev isə istintaqdan narazılığını bildirərək atasının qətlində daha bir neçə şəxsi, o cümlədən Nazim və Eynulla Məmmədovları ittiham edir.