İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 6 iyul — Sputnik. Daşkəsən rayonunda, 1937-ci ildə inşa edilmiş və istismar müddəti bitmiş körpü, 24 kilometr uzunluğunda olan Dəstəfur-Qıyıxlı avtomobil yolunun 9-cu kilometrliyində yerləşir. Metal konstruksiyadan ibarət körpünün uzunluğu 10 metr, hündürlüyü 8 metr, eni isə 3,5 metr idi.
Körpünün dayaqları qaya daşlarından inşa edildiyi üçün bəzi hissələri dağılmış vəziyyətdə idi. "Azəravtoyol" ASC-dən Sputnik-ə verilən məlumata görə, təmir-bərpa işləri zamanı körpü demək olar ki, sökülərək yenidən tikilib.
Dayaqlar və hərəkət hissə dəmir-beton, aşırım hissə isə metal konstruksiyalardan yenidən inşa edilib. Körpünün eni 3,5 metrdən 6 metrə qədər genişləndirilib. 24 paqon-metr uzunluğunda təkərqaytaranlar və dəmir mühəccərlər quraşdırılıb. Körpünün bərpa olunması ilə vətəndaşların rahat gediş-gəlişi təmin olunub.
Daşkəsən-Xoşbulaq yolunun 5-ci km-də də selin yaratdığı fəsadlar aradan qaldırılıb. Yol daha təhlükəsiz əraziyə doğru genişləndirilib. Genişləndirilmiş hissənin uzunluğu təqribən 100 metrdir.
Avtomobil yolunun altından suların ötürülməsi üçün iki gözlü, 12 paqon-metr uzunluğunda və 1500 mm diametrində boru quraşdırılıb.
Qeyd edək ki, sel suları bir müddət bundan öncə avtomobil yolunun bir hissəsini və iki ədəd su borusunu sıradan çıxarmışdı.