Rəqs həvəskarları üçün Bakı bulvarında kütləvi Open Air keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən bu çılğın rəqs musiqilərindən ibarət tədbirin təşkilatçısı "Badi Kubə" və "Baila Baku" rəqs studiyaları idi.
Açıq havada keçirilən kütləvi Open Air, bulvara əylənməyə gələnlərin marağına səbəb oldu. Çoxları özünə "yaxşı havada, küçədə, şəhərin mərkəzində niyə də oynamayım?" sualını verdi. Tədbirin əsas məqsədi də elə bu idi — hər kəs çılğın rəqsləri öyrənmək imkanı əldə edir.
"Biz zallardan çıxaraq, küçədə oynamaq və bununla da bütün əyləncə həvəskarlarına xoş anlar bəxş etmək qərarına gəldik", — Sputnik-ə danışan Open Air iştirakçısı deyib.
Xatırladaq ki, yay boyu hər şənbə-bazar saat 19.00-dan başlayaraq, bulvarda, Abdulla Şaiq adına Kukla teatrının yaxınlığında rəqs meydançası fəaliyyət göstərəcək.