BAKI, 3 iyul — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük övladı — qızı Leyla Əliyeva 3 iyul 1985-ci ildə Moskva şəhərində anadan olub. 2000-ci ildə Bakıda 160 saylı tam orta məktəbi bitirib.
Həmin il Avropa Biznes Məktəbinə daxil olub. İsveçrə və Böyük Britaniyada təhsil aldıqdan sonra, 2006-cı ildən 2008-ci ilə qədər Rusiyada Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakultəsində dünya siyasəti üzrə magistr pilləsi üzrə təhsil alıb.
2007-ci ilin 10 may tarixindən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəridir. 2007-ci ilin 19 dekabr tarixində Rusiyada Bakı jurnalı təsis etdi. Leyla Əliyeva həmin jurnalın baş redaktorudur.
2008-ci ilin 8 may tarixində "Xocalıya ədalət" kampaniyasının təşəbbüskarıdır. 2008-ci ilin may ayından İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş Koordinatoru vəzifəsində çalışır. 2009-cu ilin aprelin 18-də Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri vəzifəsinə seçilib.
2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir. 2011-ci ilin iyulunda Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə "Tərəqqi" medalı ilə təltif olunub. 2012-ci ilin sentyabrın 12-də "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" mükafatı ilə təltif olunub.
2013-cü il aprelin 5-də Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası (İNEPO-Avrasiya) Təşkilat Komitəsinin idarə heyəti tərəfindən "Ekoloji Mühitin Qorunmasına Görə" xüsusi Beynəlxalq Şərəf Mükafatı ilə mükafatlandırılıb. 2013-cü il dekabrın 20-də III dərəcəli Müqəddəs Mələksima "Knyaqina Olqa" ordeni və "Volqoqrad vilayəti qarşısında xidmətlərə görə" medalı ilə təltif olunub.
2015-ci ilin mayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasına verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri adına layiq görülüb. 2015-ci il oktyabrın 20-də Rusiya Federasiyasının "Puşkin" medalı ilə təltif olunub.
Rusiya prezidenti Vladimir Putin 20 oktyabr 2015-ci ildə Leyla Əliyevanı Puşkin medalı ilə təltif edib.