Hikmət Orhun, Sputnik Azərbaycan
BAKI, 2 iyul — Sputnik. Gürcülər bizi qədər çəkməsələr də, Tiflisdə ən çox verilən sual budur: "Siqaretin var?". Bu haqda mənə bir dostum demişdi. Sərhədi keçib, Gürcüstana daxil olan kimi şahidi oldum. İlk yaxınlaşdığımız adam soruşdu ki, "siqaretiniz var?"
Azərbaycan bazarına nisbətdə yarı qiymətədir, amma burada adamlar doğrudan da siqareti əl-əl axtarırlar. Bir gilə çıxarıb verəndən sonra, cibimizə uyğun taksi ilə maraqlandıq. Danışıb barışandan sonra yola qoyulduq.
Qədim Tiflis
Tiflis turistlər üçün öz tarixi abidələri, memarlıq üslubu ilə maraqlıdır. Bizdən fərqli olaraq onlar tarixi abidələrinə "əhəmiyyətini itirmişdir" damğası qoyub, sökməyiblər. Rustaveli prospekti boyu hara baxırsan, gürcü xalqının keçmişindən xəbər verir. Ən sıravi vətəndaşından da soruşsan, onların haqqında fəxrlə, öyünə-öyünə danışır, turistlərə öz vətənlərinə gedərkən Tiflisi xatırladacaq hədiyyələr məsləhət görürlər.
Ətrafa yuxarıdan baxmaq üçün qalxdığımız kanatdan, onsuz da böyük olmayan şəhər əlimizin içi boyda görünürdü. Göydələnlərdən, yanacaqdoldurma məntəqələrindən "bixəbər" qədim Tiflis özünəməxsus arxitekturasını hələ də qoruyub saxlayır. Sıra ilə düzülmüş balaca evlər adamda elə bir təəssürat yaradır ki, elə bil, nağıl şəhərciyə düşmüsən. Kənardan baxanda adama elə gəlir ki, xüsusi əzəməti ilə seçilən "Müqəddəs Tamara" heykəli şəhərə layla çalır, körpələrin beşiyini yırğalayır.
Küçə rəssamları və musiqiçiləri
Şəhərin hansı səmtinə üz tutsan, küçə rəssamlarına və musiqiçilərinə rast gəlmək mümkündür. Kimisi təbiət mənzərəsi çəkir, sərgi keçirir, kimisi ətraf mühitin mühafizəsi üçün musiqi oxuyur, aksiya təşkil edir.
Musiqiçilərin təbiətin qüsurlu yaratdığı bir oğlanın müalicəsi üçün xeyriyyə aksiyası təşkil etdiyinin şahidi olduq. Musiqidən əlavə, hərə öz bacarığı ilə qatqıda bulunurdu: kimi pul salır, kimi nitq söyləyir, kimi şeir deyir, diqqət çəkməyə çalışır, siqaret çəkib tamaşa edirdi.
İnsanların dediyinə görə, belə aksiyalar tez-tez olur Tiflisdə. Əlbəttə, biz də bacardığımız qədər kömək etməyə çalışdıq.
Mitinqlər
Gürcülər rahatlığına düşkün xalqdır, tez-tez mitinqlər olur şəhərin mərkəzində. Bizi Tiflisə aparanda sual verdikcə Saakaşvili haqqında əsəbləşə-əsəbləşə danışan taksi sürücüsü dedi ki, "o, xoşumuza gəlmədi, devirdik, indiki də onun yolunu getsə, devirəcəyik".
Biz paytaxta çatandan altı-yeddi saat sonra kişinin sözləri öz təsdiqini tapdı. Çılğın gürcülər yenə küçələrə axışmışdılar. Yenə nəyəsə əsəbləşmişdilər. Velosiped yürüşü ilə öz etirazlarını bildirən iştirakçılara polis müdaxiləsi demək olar, yox idi. Sadəcə nəzarət edirdilər ki, özlərindən çıxıb nəyəsə, kiməsə ziyan verməsinlər.
Aldığı təqaüd bizim pensiyaçılarınkından yüksək olmayan qoca kişilər, ağbirçək qarılar, dolanışıq dərdi çəkən adamlar ümidlə insan axınına tamaşa edirdilər…
Gürcü əyyaşlar
Gürcüstanda da əyyaşlar qabağına çıxan adamdan bir yolla pul qopartmağa çalışırlar. Onların bizimkilərdən fərqi odur ki, qanunu bilir və ona əməl edirlər. Gürcüstanda küçədə spirtli içkilər qəbul etmək qadağandır, cəriməsi var. Bunları şəhərdə gəzərkən qarşımıza çıxan əyyaş dedi.
Əvvəlcə bizimlə salam-kalam kəsib, siqaretimizi yandırıb, ölkəmizi tərifləyən adam bir neçə dəfə Lotu Hikməti, Lotu Bəxtiyarı soruşdu. Adını çəkdiyi "qanuni oğru"ları tanıdıq deyə, alnımızdan öpüb, sicilləmə tərif dedi. Dostumuz xəbərdar elədi ki, pul istəyəcək, bənd olmadıq. Qalxıb hərəkət edəndə iki lari araqpulu xahiş etdi…
Qaraçılar
Tiflisdə nə maşınlar tıxac yaradır, nə də adamlar. Adamların siqnalı basılı saxlayıb baş-beynimizi xarab eləyən Bakı küçələrindən fərqli olaraq, burada maşınlar qarışqa kimi biri-birininn arxasınca növbə gözləyə-gözləyə hərəkət edir, adamlar da biri-birinə yol verə-verə… Qolun hansısa qadının qoluna dəyəndə camaat başınıza yığılıb ehkam kəsmir, sadəcə hər iki tərəf nəzakətlə gülümsünüb yoluna davam edir.
Yevlax torpağından ölkəmizin dörd tərəfinə axışan qaraçı qızlar, gəlinlər Tiflisdə də var. Azərbaycanda adamın yaxasından yapışıb, qır-saqqız olan bu millətin nümayəndələrini ancaq ağız açıb, "ay qardaş, sən Allah, bir nəzir ver" deyəndə tanıya bilirsən. Şəhərin sakitliyi, hüzuru onları da qınına çəkib.
Eteri xala
Ölkədən çıxanda məqsədimiz üç-dörd gün qalmaq idi. Ona görə də, ilk işimiz ev axtarmaq oldu. Qarşımıza çıxan taksi sürücüsündən hostel soruşduq, ancaq o, bizi bir neçə ailənin də məskunlaşdığı evə apardı. Ev sahibəsi Eterini görən kimi anladıq ki, yaxşı adama rast gəlmişik.
Gürcülər haqqında danışanda "eqoist" deyirlər, lakin, doğrudan da o qadın bizi zənnimizdə yanıltmadı. Həm özü, həm də yarı rus, yarı ingiliscə danışan qızı Nino gecə-gündüz pişvazımızda durdu. Qaldığımız üç gün ərzində nazımızla oynamağa çalışdılar: o biri müştərilərə nisbətdə bizdən az pul aldılar, gedib-gəlib halımızı soruşdular.
Gürcülər gecə də xəngəl yeyir, ona görə də, xəngəl evləri hansı saatda istəsən, fəaliyyətdə olur. Xəngəl yeyib, restoranın musiqi zalında oynayıb, deyib, gülüb saatı unutmuşduq. Evə gec gəldik. Düşünürdük ki, Eteri xalanın xoşuna gəlməyəcək. Biz qapıdan girən kimi dedi ki, nə tez gəlmisiniz? Gecə indən belə başlayır, qızlarla əylənərdiniz.
Sonrakı gün dostumuz xəstələndi. O, əl-ayağa düşdü, dərman gətirdi, səhərə kimi başının üstündə keşik çəkdi dostumuzun. Səhər şəkil də çəkdirdik. Biz ayrılıb Azərbaycana qayıdanda kövrəlmişdi.
P.S.
Gürcü xalqı həm də həddindən artıq dindardır. Tiflisin mərkəzi küçələrindən biri ilə o yan-bu yana hərəkət edirdik. Bir keşiş keçirdi küçədən. Bu dəm bir ağsaqqal yaxınlaşıb, onun ürəyinin üstündən öpdü. Bir nəfər də o biri tərəfdə xaç çevirirdi.
Ev sahibəmiz də dindardır, evində ikonalar var, gecənin bir yarısı İsanın şəklinə baxıb ağladını gördük.