BAKI, 1 iyul — Sputnik. Azərbaycan ilə İsrail arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları və İsrailin ölkəmizdəki səfirliyinin dəstəyi ilə "NETAFİM" şirkəti tərəfindən həyata keçiriləcək layihə müzakirə edilib.
Kənd təsərrüfatı naziri Heydər Əsədov İsrailin Azərbaycandakı səfiri Dan Stavın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən Sputnik-ə bildiriblər ki, layihənin məqsədi Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alan tələbələrin, habelə fermerlərin irriqasiya üsulları sahəsində bilik və təcrübələrini artırmaqdır.
H. Əsədov Azərbaycan ilə İsrail arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlıq imkanlarının çoxşaxəli olduğunu bildirib. Kənd təsərrüfatı sahəsində, xüsusən də irriqasiya və damcı üsulu ilə kənd təsərrüfatı məhsullarının suvarılmasında İsrail təcrübəsinin öyrənilməsini Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün təhsil prosesində mühüm bir aspekt kimi qiymətləndirib.
Nazir iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi və ticarətin asanlaşdırılması məqsədilə baytarlıq və bitki karantini və mühafizəsi sahələrində saziş layihələrinin hazırlanması imkanlarının araşdırılması, kənd təsərrüfatı kooperativlərinin yaradılması və suya qənaət edən texnologiyalar sahələrində əməkdaşlıq, yem istehsalı və heyvanların yemlənməsində İsraildə istifadə edilən qabaqcıl təcrübənin ölkəmizdə tətbiqi və s. barədə təkliflər irəli sürüb.
Səfir Dan Stav səmimi qəbula görə təşəkkürünü bildirərək iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin bundan sonra daha da inkişaf etməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.