BAKI, 30 iyun — Sputnik. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Respublikasının Azərbaycandakı səfiri Alper Coşqunu qəbul edib. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə arasında əməkdaşlığın bütün sahələrdə qardaşlıq və strateji müttəfiqlik prinsipləri əsasında yüksələn xətt üzrə inkişaf etdiyi vurğulandı.
Elmar Məmmədyarov 28 iyun 2016-cı il tarixində İstanbulun Atatürk hava limanında törədilmiş qanlı terror aktı ilə əlaqədar həmkarı Mevlüt Çavuşoğluna dərin hüznlə başsağlığı məktubu göndərdiyini qeyd edərək, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirdi.
Daha sonra görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri və regional və beynəlxalq gündəlikdə duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.