BAKI, 29 iyun — Sputnik. Almaniyanın federal xarici işlər naziri Frank-Valter Ştaynmayer Azərbaycana gəlir. Səfər Cənubi Qafqaza üç günlük səfər çərçivəsində başlayacaq və nazir Ermənistan, Azərbaycan və Gürcüstanda səfərdə olacaq.
Almaniyanın ATƏT-ə sədrliyi dövründə baş tutan səfər zamanı əsas müzakirə olunacaq mövzular sırasında Dağlıq Qarabağ münaqişəsi prioritet təşkil edir. Bu ölkənin Bakıdakı səfirliyinin yaydığı məlumatda deyilir: "Yerevan və Bakıda siyasi görüşlərin əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirəsidir. Bundan başqa, Ştaynmayer 1 iyul tarixində Tiflisdə ATƏT-in Parlament Assambleyasının illik iclasının açılışında iştirak edəcək və bununla ATƏT-də parlament sisteminin rolunun gücləndirilməsinə töhfəsini verəcək".
ATƏT sədrinin səfərindən öncə, macarıstanlı həmkarı ilə görüşündə Azərbaycan xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov deyib ki, münaqişənin həllinin hazırkı mərhələdə "dondurulması" maraqlara cavab vermir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə toxunan E. Məmmədyarov, bütün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu qəbul etdiklərini bildirib.
Belə bir bəyanatın Rusiyanın vasitəçiliyi ilə prezidentlərin üçtərəfli görüşündən sonra səsləndirilməsi təbii ki, təsadüfi hesab edilə bilməz. Bu ilin aprelində qoşunların təmas xəttində atəşkəsin pozulmasından sonra ATƏT-in Minsk qrupunun artan səyləri fonunda, həmsədrlər arasında Rusiyanın ön plana çıxacağı gözlənilən idi. Amma o da diqqətdən yayınmamalıdır ki, dövlət başçılarının görüşündən sonra fərqli bəyanatların səslənməsinə münasibət bildirən Moskvanın bəyanatından belə məlum oldu ki, danışıqlarda dinamikanın qorunub saxlanması əsas nəticədir və ictimai rəyə yönələn hər hansı digər fikirlərin eşidilməsi arzuolunan deyil.
Bundan az öncə Almaniya kansleri Angela Merkel prezident İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında açıq şəkildə bildirdi ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində həlledici rol oynayır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-ə hazırda sədrlik edən dövlətin belə bir bəyanat verməsini hadisələrin gələcək inkişafının yeni görüntülərinə işarə kimi də başa düşmək olardı. Ekspertlərin fikrincə, Avropa İttifaqı və ABŞ regiondakı problemlərin həllində bu və ya digər dərəcədə Rusiya ilə dil tapmaq xəttini götürür.
Amma aprel hadisələri zamanı Almaniya ATƏT sədri kimi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı təkliflər paketinə malik olduğunu açıqlamışdı. Politoloq Elxan Şahinoğlunun fikrincə, vacib sual odur ki, ATƏT-in hazırki sədri olaraq Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində nə edə bilər?
"Cəbhə bölgəsində atəşkəs pozulduqda Berlin 7 maddəlik təkliflər paketi hazırladığını açıqlamışdı. Merkel Rusiyanın rolunu qabartmaqla sadəcə hamıya mesaj verir ki, "münaqişənin həllində Avropaya, o cümlədən Almaniyaya bel bağlamayın, bizim problemimiz onsuz da kifayət qədərdir, Dağlıq Qarabağa isə vaxtımız və enerjimiz qalmır"", — deyə Şahinoğlu Sputnik-ə açıqlamasında bildirib.
Hazırda münaqişə elə bir mərhələyə qədəm qoyub ki, Azərbaycan tərəfi dəfələrlə indiki vəziyyətlə barışmayacağını dilə gətirir və beynəlxalq ictimaiyyətdən Ermənistanı Azərbaycanın ərazi bütövlüyünə hörmət etmək istiqamətində əməli addımlar atmağı tələb edir. Ermənistan da danışıqlarda uzun illərdir tutduğu mövqeyindən geri çəkməyərək, işğalçı ritorikasını davam etdirməkdədir. Bu baxımdan E. Məmmdəyarov status-kvonun dəyişdirilməsi ilə bağlı mövqeyini demək olar ki, bütün formatlarda keçirdiyi görüşlərdə və beynəlxalq tədbirlərdə səsləndirməkdədir.
NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasındakı çıxışında da Ermənistanın təhriki və təxribatı ilə cəbhə xəttində baş vermiş son gərginlik barədə ətraflı danışan nazir, işğal faktına əsaslanan status-kvonun gərginlik mənbəyi olmaqda davam etdiyini nəzərə çatdırıb. ATƏT-in Minsk Qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətin mövcud status-kvonu etibarsız və qəbuledilməz saydığını deyən E. Məmmədyarov bəyan edib ki, status-kvonun dəyişdirilməsi üçün işğal faktına son qoyulmalı və Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.
"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun fikrincə, nə qədər ki, həmsədr dövlətlər arasında məsələyə ümumi yanaşma yoxdur, görüşlərdən heç bir şey gözləməyə dəyməz. "Hansısa pozitiv irəliləyişdən söhbət gedə bilməz. Ona görə ki, hələlik həmsədr dövlətlər arasında ümumi yanaşma yoxdur. Bu həm Rusiyanın, həm də ABŞ-ın Minsk qrupundakı həmsədrlərinin açıqlamalarından aydın görünür", — politoloq Sputnik-ə açıqlamasında bildirib.
Azərbaycan, xüsusən aprel hadisələrindən sonra status-kvonun dəyişilməli olduğunu daha israrla bəyan etməkdədir. Amma reallıq bundan ibarətdir ki, hər hansi irəliləyiş yoxdu. Prezidentlərin üçtərfli görüşündən sonra bu qənaət daha da möhkəmlənib. Bu baxımdan "münaqişənin açarının Rusiyada olduğuna" işarə vuran Almaniyanın sədrlik etdiyi ATƏT-dən nəsə gözləməyə dəyərmi?