BAKI, 29 iyun — Sputnik. İstanbulun Atatürk Beynəlxalq Hava Limanında baş verən terror aktı ilə bağlı ABŞ-dan diqqətçəkən iddia ortaya atılıb. Belə ki, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Brennan 30 İŞİD üzvünün Türkiyəyə yollandığını söyləyib.
Sputnik CNN Türk-ə istinadla xəbər verir ki, Brennan İŞİD üzvlərinin sayının Əl-Qaidənin ən güclü olduğu dövrdən belə, çox olduğunu deyib.
CIA rəhbəri keçən həftə ABŞ Senatının Kəşfiyyat Komitəsini İŞİD haqqında məlumatlandırmışdı. O, təşkilatın Liviyanı əməliyyat mərkəzi olaraq istifadə etməsindən narahat olduqlarını söyləyib.
Brennanın komitəyə təqdim etdiyi hesabatda İŞİD-in Liviyada artan fəaliyyətlərinin Avropada terror hücumlarını artıra biləcəyi vurğulanmışdı.