BAKI, 29 iyun — Sputnik. Dünən axşam Atatürk Beynəlxalq Hava Limanında baş vermiş terror aktı zamanı ölənlərin sayı 36 nəfərə çatıb. 147 nəfər də yaralanıb. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ məlumat verib. Məlumata görə, ölənlər arasında xarici ölkə vətəndaşları da var.
Qeyd edək ki, dünən axşam saatlarında Türkiyənin İstanbul şəhərinin Atatürk Beynəlxalq Hava Limanında iki partlayış hadisəsi baş verib. NTV telekanalının yaydığı məlumata görə, partlayışlar beynəlxalq uçuş terminalında baş verib. Hadisə şahidlərinin sözlərinə görə, 4 silahlı şəxs partlayışlardan sonra ərazidən qaçaraq uzaqlaşıb.
Yerli mətbuatın məlumatına görə, şəxsiyyəti hələlik müəyyən edilməmiş bir neçə nəfər terminalın binasının baxış məntəqəsində qumbara atıb.