Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Böyük Britaniyasız Avropa İttifaqının gələcəyi - ən arzuolunmaz ssenari hansıdır?

© AP Photo / Virginia MayoBöyük Britaniya və Avropa İttifaqı bayraqları
Böyük Britaniya və Avropa İttifaqı bayraqları - Sputnik Azərbaycan
Abunə olmaq
Aydın Mirzəzadə: "Miqrasiya məsələlərində sərhəd qapılarını həddən çox geniş açması Avropa İttifaqının içərisində oturuşmuş həyat tərzini xeyli çalxaladı"

BAKI, 28 iyun — Sputnik. "Avropa İttifaqında olan çatışmazlıqlar onun ən nüfuzlu üzvünün oradan qopmasına səbəb oldu". Bunu Sputnik-ə, Britaniyanın İttifaqdan ayrılma qərarını şərh edərkən, millət vəkili Aydın Mirzəzadə deyib.

© Photo : REPORTMillət vəkili Aydın Mirzəzadə
Millət vəkili Aydın Mirzəzadə - Sputnik Azərbaycan
Millət vəkili Aydın Mirzəzadə

"Avropa İttifaqı yeni birgəyaşayış formasıdır. Ancaq bununla belə, qurumda bir sıra çatışmazlıqlar var. Və həmin çatışmazlıqlar sonda onun ən nüfuzlu üzvünün oradan qopmasına səbəb oldu", — deputat bildirib.

A. Mirzəzadəyə görə, Aİ milli sərhədləri silməklə, əslində hər bir cəmiyyətin özünəməxsusluğunu eroziyaya uğratdı: "Miqrasiya məsələlərində sərhəd qapılarını həddən çox geniş açması Avropa İttifaqının içərisində oturuşmuş həyat tərzini xeyli çalxaladı. Bundan başqa, hansısa bir ölkənin düzgün aparılmayan büdcə siyasəti bütün ölkələrə ciddi təsir edirdi".

"Vaxtilə Avropa İttifaqı iqtisadi cəhətdən güclü, oturuşmuş 6 ölkənin birliyi idi. İndi isə üzvlərin sayı 28-ə çatıb. Və yeni qəbul olunan ölkələrin bir çoxunun orta statistik Avropa səviyyəsinə çatması üçün bəlkə də əsrlər lazımdır", — deyə millət vəkili əlavə edib.

O, hesab edir ki, Böyük Britaniya İttifaqdan çıxmaqla heç nə itirmir: "Çünki Birləşmiş Krallığın min illərdən bəri gələn dövlətçiliyi, güclü iqtisadiyyatı, təsir rıçaqları və sair var. Avropa Birliyi də əslində heç nə itirməyəcək. Onsuz da Böyük Britaniyanın özünün viza rejimi, milli valyutası var idi. Sadəcə olaraq bundan sonra, Avropa Birliyi və Britaniya ayrı yaşamağın psixologiyasını öyrənməlidir. İttifaq izlədiyi yolu dərindən düşünməyə məcbur qalacaq. İki tərəfdə də iqtisadi cəhətdən hər hansı ağırlaşma olacağını gözləmirəm".

Millət vəkili iddia edir ki, bundan sonra ola biləcək ən pis ssenari Şotlandiya və Şimali İrlandiyanın Britaniyadan ayrılması ehtimalıdır: "Böyük Britaniya Şotlandiya və Şimali İrlandiya separatçılığı ilə üzləşə bilər. Bu iki ölkə Avropa Birliyində qalmaq üçün Krallıqdan ayrılmaq istəyəcək".

"Nəzərə almaq lazımdır ki, Böyük Britaniya dünyanın sonuncu imperiyalarındandır. Və bütün imperiyalar sonda parçalanmağa məhkumdur. Prinsipcə, Şotlandiya və Şimali İrlandiyanın müstəqil olmaları mümkün ola bilər", — deputat qeyd edib.

A, Mirzəzadə, Britaniyanın Aİ-dən ayrılmasından sonra bu quruma marağın azalıb-azalmayacağını da dəyərləndirib: "Avropa İttifaqına olan marağın azalacağını sanmıram. İttifaqa bundan sonra da yeni üzvlər qəbul olacaq".

Xəbər lenti
0