BAKI, 28 iyun — Sputnik. İki il öncə fəaliyyətini dayandırmış "Ayna" qəzeti yenidən qayıdıb, lakin bu dəfə internet formatda. Bu barədə qəzetin baş redaktoru Elçin Şıxlı Sputnik-ə məlumat verib.
"Hazırkı gündə maliyyə və digər səbəblərdən çap versiyasını bərpa etmək imkanımız yoxdur. Hələlik, sayt kimi işlətməyə gücümüz çatır", — baş redaktor bildirib.
Saytın heyətinə gəlincə: "Heyətimiz İbrahim Nəbioğlu, Arif Əliyev, Qulu Məhərrəmli, Rauf Mirqədirov və məndən ibarətdir. Daha sonra kimlər yazmaq istəsə, baxacağıq. Yazılar xəbər formatında yox, köşə yazıları üslubunda olacaq".
E. Şıxlıya görə, ofisə də ehtiyac yoxdur: "İşlərimizi internet vasitəsilə görəcəyik, ona görə ofisə ehtiyac duymuruq".
1990-cı ilin avqustunda yaradılan "Ayna" və "Zerkalo" qəzetləri 2014-cü ilin may ayının əvvəlində dövriliyini azaltmış, rus dilində gündəlik nəşr olunan "Zerkalo" həftədə bir dəfəyə keçmişdi. Azərbaycan dilində çıxan "Ayna" həftəliyinin isə ayda bir dəfə işıq üzü görməsi qərara alınmışdı. Ancaq nəşrləri bu yolla da saxlamaq mümkün olmamış, iyunun 1-dən hər iki qəzetin nəşri dayanmışdı.