BAKI, 28 iyun — Sputnik. Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib. "APA-Economics"in məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin 24 iyun 2016-cı il tarixli sərəncamı ilə Emin Zamin oğlu Hüseynov Azərbaycan maliyyə nazirinin müavini təyin olunub.
AzVision.az xəbər verir ki, Emin Hüseynov 1974-cü ildə Sumqayıt şəhərində anadan olub. O, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirib, 1998-ci ildə ABŞ-ın Florida Universitetində magistr, 2009-cu ildə isə Harvard Universitetində təhsil alıb.
Əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən başlamış Emin Hüseynov 1998-2001-ci illərdə Dünya Bankının Azərbaycan ofisində, 2001-2003-cü illərdə Beynəlxalq Valyuta Fondunun Azərbaycan ofisində iqtisadçı işləyib.
E.Hüseynov 2005-ci ildən isə Azərbaycan Mərkəzi Bankında Tədqiqatlar və İnkişaf Mərkəzinin Baş Direktoru vəzifəsində çalışıb. Emin Hüseynov bundan əlavə ADA Universitetinin Strategiya və İnkişaf üzrə Prorektoru vəzifəsində çalışıb.
O, 2006-cı ildən Azərbaycan Bank Tədris Mərkəzində iqtisadi və maliyyə sistemləri, 2009-cu ildən isə liderlik mövzuları üzrə təlim kursları keçirib.