BAKI, 25 iyun — Sputnik. "Dünyada çox ciddi dalğalanmalar var və getdikcə artacaq. Çünki, kifayət qədər açıq qalan suallar var və bunlara açıq-aşkar cavab tapmaq mümkün deyil. Bu da ondan ibarətdir ki, Böyük Britaniya (BB) ilə Avropa İttifaqı (Aİ) arasında ticarət dövriyyəsi ildə 600 milyard dollar idi və bu, ittifaq qaydalarına uyğun olaraq aparılırdı".
Bunu iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik-ə açqılamasında deyib. O, bildirib ki, indi BB-nin Aİ-dən çıxması yeni qaydaların tətbiq edilməsinə təkan verəcək: "Bu qaydaların, müqavilələrin necə olacağı bilinmədiyi üçün biznes çox narahat vəziyyətdədir. BB dünyanın maliyyə mərkəzlərindən biri bəlkə də birincisidir. Londonun maliyyə mərkəzi olması statusunun yavaş-yavaş azalması ehtimalı var. BB iqtisadiyyatı təqribən 7-8 faiz azala bilər. Çünki, ölkədən çox böyük kapital axını olacaq. Bütün bunlar dünyada çox ciddi dalğalanmalara səbəb olacaq".
Ekspert qeyd edib ki, belə dalğalanmalar olarkən və gələcəyi görünməyən vəziyyət yaranarkən neftin və ümumiyyətlə, xammal materiallarının qiymətlərində ciddi enmələr müşahidə oluna bilər: "Bu proses dolların dəyərinin artması ilə daha da güclənə bilər. Bunun Azərbaycana təsiri olacaq. Çünki, Azərbaycanın BB ilə ticarət əlaqələri o qədər də güclü deyil. Amma dolların bahalaşması, neftin ucuzlaşması Azərbaycanda manata olan təzyiqləri artıracaq. Necə ki, ölkədə dünən məzənnə ilə bağlı müəyyən bir ajiotaj gördük".
"Çox güman ki, manatın yaxın gələcəkdə yumşaq şəkildə dəyərdən düşməsi prosesi davam edəcək. Amma düşünmürəm ki, Mərkəzi Bank və hökumət kəskin addımlar atsın və iki devalvasiyaya bənzər qərarlar versin. Çünki, Azərbaycan iqtisadiyyatı o iki devalvasiyanı hələ də həzm edə, bu prosesdən çıxa bilməyib. 3-cü kəskin addım iqtisadiyyatı çox ağır və idarəolunmaz bir duruma sala bilər. Amma yumşaq şəkildə məzənnənin yenidən artması prosesi baş verə bilər. Rəsmi məzənnənin ən pik həddi Azərbaycanda 1.65 olmuşdu. Yaxın gələcəkdə həmin məzənnəyə doğru Mərkəzi Bank manatı yumşaltmağa qərarlıdır. Yaxın gələcəkdə biz maksimum səviyyə olaraq 1.65-i görə biləcəyik", — N. Cəfərli bildirib.
FED-in uçot dərəcəsini artırmaq məsələsinə də toxunan ekspert bildirib: "FED-in iyun ayında uçot dərəcəsini artırmaması "Brexit" qorxusu idi. Bu il ərzində azı bir dəfə faiz artımı qərarı veriləcək. Çox güman ki, faiz artımında bəzi dəyişikliklər edə bilər. Yəni, 0,25 faiz deyil, 0,15 faiz artıra bilər ki, müəyyən dərəcədə dalğalanmaların qarşısını ala bilsin və bazarlara təsirini azaltsın. Amma FED tərəfindən faizin artırılmaması dünya bazarlarında, birjalarda qeyri-ciddi qəbul oluna bilər".
"Ona görə də il ərzində bir dəfə bu addımı atmağı düşünür. Çox güman ki, iyul ayında deyil, sentyabr, oktyabr aylarında bu addımı FED atacaq", — iqtisadçı vurğulayıb.
Qeyd edək ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 2,47 dollar azalaraq 47,64 dollar təşkil edib. Brent markalı neftin 1 barelinin dəyəri 2,50 dollar azalaraq 48,41 dollar olub. "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 1,64 dollar və ya 3,21% azalaraq 49,41 dollar təşkil edib.
Onu da deyək ki, dünən valyuta bazarında gərginlik yaşanıb. Bir sıra kommersiya banklarında nağd dollar satışına məhdudiyyət tətbiq olunub.