"Dəyirmanın istehsal gücü sutkada 400-500 kiloqramdır, dən üyüdüb un hazırlayırıq. İstəyirəm ki, həmin 400-500 kiloqram unu satışa çıxardaq, həm çörək həm də un şəklində".
Zaqatala rayonunun Dardoqqaz kəndində dəyirmançı işləyən Məhəmməd Abdullayev Sputnik-ə açıqlamasında belə deyir. "Bunun üçün təndirlər qurmuşuq, yaxşı çörək alınır. Bazarda belə çörək yoxdur, qara çörək adı ilə bəzi insanlar çörək bişirib gətirirlər, amma bu, çörəyin dadını vermir", — deyir dəyirmançı.
Onun sözlərinə görə, bu, xalis buğda unudur və heç bir qatışığı yoxdur: "Pəhriz çörəyi istifadə edən adamlar üçün xeyirlidir. Bu, mədədə tez həzm olunur, çeynəmək üçün çətinlik törətmir".
M. Abdullayev bildirir ki, su dəyirmanının quruluşu meşədə qaynayan qara suların hesabına işləyən qurğudan ibarətdir: "Su dəyirmanının üstün cəhəti odur ki, üyüdülən dən sərin üyüdülür. Altdan çay axır və bunun hesabına sərin üyüdülür. Bunun fırlanma sürəti çox azdır. Az sürətlə fırlananda dən qızmır. Qızmadıqda onun tərkibində olan mikroelementlər olduğu kimi qalır".
"Un qızırsa, əlverişsiz olur. Dəyirmanın üstün cəhəti vitaminli unun hazırlanmasıdır. Mənfi cəhəti də istehsal gücü azdır, sutkada 4-5 kisə üyüdür", — müsahibimiz vurğulayır.