BAKI, 24 iyun — Sputnik. Bu dəfə də Azərbaycanda ailə münaqişəsinin qurbanı gənc qadın oldu. Dünən Bayıl qəsəbəsində 29 yaşlı Cəlalə Abbasova 1971-ci ilə təvəllüdlü əri — Müzəffər Piriyev tərəfindən qətlə yetirilib.
Sputnik-ə Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, iyunun 23-ü saat 19.30 radələrində ailə münaqişəsi zəminində 3 uşaq anasını öldürən Müzəffər Piriyev, özü hadisəni törətdikdən sonra polisə gələrək, təslim olub. Piriyev bundan əvvəl də məhkumluq həyatı yaşamışdı.
İstintaqa verdiyi ilkin ifadədə Piriyev bildirib ki, həyat yoldaşını boğaraq öldürüb. Amma meyitə baxış keçirən patoloq-anatomlar başqa fikirdədirlər. Onların rəyinə görə, Abbasova başına endirilən çoxsaylı zərbələrin nəticəsində əmələ gələn beyinə qansızmadan ölüb.
Məlum olub ki, Piriyev arvadının başına xrustal stəkanla bir neçə zərbə endirib. Həmin stəkan dəlil kimi istintaqçılar tərəfindən götürülüb.
Ehtimala görə, həmin an Piriyev narkotik maddələrin təsiri altında olub. Bundan əlavə, onun hərəkətləri şizofreniya əlamətlərinin olması ehtimalını da istisna etmir.
Öldürülən Cəlalə Abbasovanın yaxınlarının verdikləri məlumata görə, əvvəllər də qadın yoldaşının qeyri-adekvat hərəkətlərinə görə bir neçə dəfə onu tərk edərək, atası evinə gəlib, lakin valideynləri onu geri qaytarıblar. Fakt üzrə işi rayon prokurorluğu aparır.