BAKI, 24 iyun — Sputnik. 1993-cü ilin 24 iyun tarixində Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Əbülfəz Qədirqulu oğlu Əliyevin (Elçibəyin) Azərbaycan Respublikasının Prezidenti vəzifələrini daha icra edə bilməməsi təsdiq edilib. Həmin qərarla Azərbaycan Respublikası Prezidentinin səlahiyyəti Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əlirza oğlu Əliyevə həvalə olunub.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy 1993-cü il iyunun 17-dən 18-nə keçən gecə qəflətən, dövlət orqanlarının rəhbərlərinə xəbər vermədən Bakı şəhərindən Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kələki kəndinə gedib. Belə şəraitdə Azərbaycan Respublikasının Milli Məclisi 1993-cü il 21 iyun tarixli qərarı ilə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə Bakı şəhərinə təcili olaraq qayıtması barədə müraciət edib. Lakin Əbülfəz Elçibəy bu müraciətə əhəmiyyət verməyərək paytaxta qayıtmayıb və heç bir təsirli tədbir görməyib. Bununla Əbülfəz Elçibəy Azərbaycan Respublikasının Prezidenti vəzifələrini icra etməsini qeyri-mümkün edib.
1993-cü il iyunun 24-də Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiyasının 121-7-ci maddəsinə əsasən Əbülfəz Qədirqulu oğlu Əliyevin (Elçibəyin) Azərbaycan Respublikası Prezidenti vəzifələrini daha icra edə bilmədiyi təsdiq olunub və onun səlahiyyəti Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əlirza oğlu Əliyevə keçib. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy də 1993-cü il 24 iyun tarixli Fərmanla öz səlahiyyətlərini Azərbaycan Respublikası Ali Sovetinin sədrinə verib.