Filmin rejissoru Azərbaycanın əməkdar incəsənət xadimi Ziya Şıxlinskidir. Onun sözlərinə görə, 1999-cu ildə general Əliağa Şıxlinski haqda filmin nümayişi zamanı Türkiyə səfirliyinin nümayəndələri ona 1918-ci il tarixi ilə bağlı kiçik buklet veriblər. Beləcə də yeni sənədli filmin ideyası yaranıb.
Uzun illər ərzində Ziya Şıxlinski kitabdakı tarixi lentə köçürmək haqda düşünüb. Mədəniyyət və Turizm Nazirliyinə kömək üçün müraciət etsə belə, ona digər şəxslər dəstək olublar. Onun sözlərinə görə, filmin çəkilişlərinə 10 min dollar pul xərclənib, istifadə olunan unikal materiallar isə Rusiya, Azərbaycan və Türkiyənin milli arxivlərindən götürülüb.
Filmdə bəhs olunur ki, 28 may 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra ən əsas vəzifələrdən biri silahlı qüvvələrin formalaşması idi. Milli silahlı qüvvələrin yaradılması üçün ilk cəhdlər isə hələ 1917-ci ilin sonunda və 1918-ci ilin əvvəllərində edilib.
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə "Vəhşi diviziya" ("Дикая дивизия") adlanan keçmiş tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman Korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradıldı. İyulun 11-də isə hökumət fərmanı ilə hərbi səfərbərlik elan edildi.