BAKI, 23 iyun — Sputnik. Ötən il ölkədə sığorta yığımlarının 3 dəfə, ödənişlərin 2 dəfə artmasına baxmayaraq, hazırda iqtisadiyyatda müşahidə olunan proseslər səbəbindən sığorta xidmətlərinə tələbat azalıb, icbari sığorta sektorunda isə maliyyə intizamı zəifləyib.
Sputnik xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün Bakıda başlayan beynəlxalq sığorta forumunda bildirib. Onun sözlərinə görə, son 5 ildə Azərbaycanın sığorta sektorunda əhəmiyyətli kəmiyyət nəticələri əldə olunub, bu sahənin ÜDM-də rolu artıb.
"Hələlik Palatanın nəzarət etdiyi sahələr arasında əhalini daha çox narahat edən sığorta sektoru ilə bağlı olan məsələlərdir. Bu da göstərir ki, görülməli işlər var. Müsbət hal odur ki, bu sahənin əməkdaşları aktiv əməkdaşlıq edirlər", — R. Aslanlı bildirib.
MBNP əlavə edib ki, bu gün sığorta sektorunda sağlam rəqabətin təmin olunması üçün yetərli dərəcədə effektiv hüquqi çərçivə formalaşıb: "Düzdür, hələ görülməli işlər var. Amma bütövlükdə həm hüquqi, həm administrativ, həm inzibati çərçivə real nəticələrin əldə olunmasına şərait yaradır".