BAKI, 22 iyun — Sputnik. "Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının inkişafı, fəaliyyət göstərməsi üçün çox yaxşı münbit şərait, qanunvericilik bazası, maliyyə dəstəyi var. Belə olan halda vətəndaş cəmiyyəti institutlarından gözləntilərimiz də çoxdur. İlk növbədə onlar qarşıya qoyduğu məqsədlər istiqamətində çox ciddi səylər göstərməlidirlər, dövlətimizin yanında olmalıdırlar, dövlətçiliyi dəstəkləməlidirlər".
Sputnik xəbər verir ki, bunu Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüsal Quliyev deyib. Onun sözlərinə görə, bəzi QHT-lər var ki, onlar heç öz məqsədlərini bilmədən, bəlkə də insanlara bəyan etdiyi məqsədlərin içərisində, onların pərdə arxasında başqa fəaliyyətlərlə məşğul olur: "Arzu edərdim ki, vətəndaş cəmiyyəti nümayəndələri bu cür qüvvələrə qarşı birgə səy göstərsinlər, ictimai qınaq obyektinə çevirsinlər".
V. Quliyev qeyd edib ki, ölkəmiz çox əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi edir: "Baxırsınız, sosial şəbəkələrdə elə fikirlər səsləndirirlər ki, ədalətlə yanaşanda görürsən ki, həmin QHT nümayəndələri, ayrı-ayrı siyasi partiya nümayəndələri ədalətsiz formada bu məsələyə yanaşırlar. Bizim vətəndaş cəmiyyəti institutlarının nümayəndələri bu məsələdə ayıq-sayıq olmalıdırlar".
"Bəzi hallarda sosial şəbəkələrdə dövləti ədalətsiz formada və yaxud qısqanc yanaşaraq tənqid edən həm yerli, həm də xarici qüvvələr var. Bir dənə də olsun, bəzi hallarda görürsən ki, orada QHT nümayəndələri fikir bildirmirlər. Təbii ki, fikir sərgiləyənlər də var. Adətən belə hallar olmur", — deyə o bildirib.