BAKI, 21 iyun — Sputnik. Ermənistan parlamentinin növbədənkənar sessiyasında İranla viza rejiminin ləğvinə dair razılaşma təsdiqlənib. Belə ki, bu il iyunun 5-də Tehranda İranla Ermənistan arasında viza rejiminin ləğvinə dair razılaşma imzalanıb. Sənədə əsasən, Ermənistan və İran vətəndaşları viza almadan bir ölkədən digərinə səfər edə və 90 gündən 180 günədək o biri ölkənin ərazisində qala biləcəklər.
Cənub qonşumuzun sözügedən addımı Azərbaycanla münasibətlərə necə təsir edəcək? Rəsmi Bakı nə kimi adekvat qərarlar qəbul edə bilər?
Məsələni Sputnik-ə şərh edən politoloq Qabil Hüseynli hesab edir ki, burada məsələ, sadəcə İranla Ermənistan arasında vizasız rejiminin tətbiq edilməsində deyil: "Məsələ ondadır ki, İran prezidenti Həsən Ruhani İrəvana gedib daha geniş sənədlər imzalamaq fikrindədir və Azərbaycan da bunun əleyhinə çıxır".
"Bu səfər baş tutarsa, Ermənistanla irimiqyaslı əlaqələrin bünövrəsi qoyularsa, onda Bakı ilə Tehran arasında münasibətlər gərginləşə bilər. Hazırda Azərbaycanın çalışdığı odur ki, İran Ermənistanı blokadadan çıxaracaq addımlar atmasın. Onsuz da İran uzun müddət Ermənistanın blokada şəraitindən daha çox zərər görməsinə mane olan addımlar atıb", — politoloq bildirib.
Q. Hüseynli İranın Rusiya ilə ikili əməkdaşlıq haqqında yeni Saziş imzaladığını da xatırladıb: "Tərəflər ikili münasibətlərin inkişaf etdirilməsi və onun strateji səviyyəyə qaldırılması haqqında razılığa gəliblər. Bu Saziş bölgədəki hadisələrə təsir edən sənəddir. Hətta Azərbaycanı da bu Sazişə qoşmaq cəhdlərinin olduğu bildirilir. Amma Azərbaycanın ərazi bütövlüyü təmin olunmayınca, ölkəmiz Qoşulmayanlar Hərəkatının üzvü kimi hər hansı bir sazişə getməyəcək və gedə də bilməz".
"Ona görə də İranın Rusiya ilə bağladığı yeni saziş Qərblə münasibətlərini xeyli dərəcədə gərginləşdirəcək. Ola bilər, bu münasibətlər yenə də nüvə sazişindən əvvəlki dövrə qayıtsın, İrana qarşı yeni sanksiyalar, təzyiqlər olsun. İranın addımları bu bölgədə yanlış addımlardır və bu, bumeranq effekti verə bilər", — siyasi şərhçi vurğulayıb.
Politoloq Hikmət Hacızadə isə məsələni qısaca dəyərləndirməklə kifayətlənib: "Məsləhətim budur ki, Azərbaycan da İranla vizasız rejimə keçsin. İndi dünyada vizalar heç kimə lazım deyil".