BAKI, 20 iyun — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə Sankt-Peterburqda görüşüb. Sputnik Ria-ya istinadən xəbər verir ki, İlham Əliyev öz çıxışında Dağlıq Qarabağ münaqişəsindəki "status-kvo"nun qəbuledilməz olduğunu bildirib.
"Erməni silahlı qüvvələri Qarabağ və ətraf rayonlardan çıxarılmalıdır. Həm Rusiya, həm də ATƏT rəsmilərinin dediyi kimi "status-kvo"nun uzanması özü ilə müharibə riskini də gətirir. 20 ildən artıqdır ki, Azərbaycan torpaqları işğal altındadır və bu hal daha da uzana bilməz", — deyə Azərbaycan Prezidenti vurğulayıb.
İlham Əliyev rusiyalı həmkarı ilə Dağlıq Qarabağ məsələsini daha detallı müzakirə etmək niyyətində olduqlarını da söyləyib: "Demək olar, iki ildir dayanan müzakirələrin yenidən dinamik müstəviyə keçəcəyinə ümid edirik".
Azərbaycan Prezidenti münaqişənin həllinə göstərdiyi səyə görə Rusiya dövlət başçısı Vladimir Putinə də minnətdarlıq edib.