BAKI, 20 iyun — Sputnik. "Atəşkəsin pozulması hallarının araşdırılması mexanizminin yaradılması Dağlıq Qarabağ danışıqlarının aparılması üçün yaxşı zəmin yaradacaq". Sputnik RİA-ya istinadən xəbər verir ki, Bunu Ermənistan prezidenti Serj Sarkisyan Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı deyib.
"İstəyirik ki, Dağlıq Qarabağ problemi yalnız sülh yolu ilə həll olunsun", — deyə o vurğlayıb.
Sarkisyan təəssüflə bildirib ki, bu cür münaqişələr bir tərəfin arzusu ilə həll olunmur: "Əgər artıq əldə etdiyimiz anlaşmaların implementasiyası üzrə irəliləsəydik, yəni insidentlərin araşdırılması mexanizmlərini yarada bilsəydik, sevinərdik. Bu, danışıqların aparılması üçün işgüzar əhval-ruhiyyə yaradardı".
Öz növbəsində Putin bütün bu məsələləri müzakirə etməyə razılıq verib.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi — Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.