BAKI, 20 iyun — Sputnik. Bakıda və Abşeron yarımadasında iyunun 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, sabah paytaxt və yarımadada mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 19-20, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 22-23 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında iyunun 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-24, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 21-26 dərəcə isti olacaq.