Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"İrandakı azərbaycanlılar bir gün Tehrandan hesab soracaqlar"

© Photo : RFE/RLSülhəddin Əkbər, Azad Demokratlar Partiyasının rəhbəri
Sülhəddin Əkbər, Azad Demokratlar Partiyasının rəhbəri - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq: "İran bu, yanlış siyasətini davam etdirərsə, Azərbaycan İran siyasətinə yenidən baxmalıdır."

BAKI, 16 iyun-Sputnik. "İran özünü İslam dövləti elan edib. Azərbaycan da müsəlman olan bir dövlətdir və Ermənistanla müharibə vəziyyətindədir. İran mütləq nəzərə almalıdır ki, indiki müasir İran və Azərbaycan vaxtilə eyni tarixi-siyasi həyatı yaşayıblar. İran birinci bu tarixi nəzərə almalıdır."

Bu sözləri deputatların parlamentdə antiiran çıxışlarını Sputnik-ə şərh edərkən politoloq Sülhəddin Əkbər deyib.

O, vurğulayıb ki, İran özünü İslam dövləti elan etdiyi üçün siyasətini də bu statusa uyğun qurmalıdır.

Milli Məclis - Sputnik Azərbaycan
Deputatlar İranı Ermənistanla sərhədləri bağlamağa və əlaqələri dayandırmağa çağırdı

"Ermənistan Azərbaycanın düşmənidir. Bunu Azərbaycan öz hərbi doktrinasında açıq şəkildə bildirib. İranın Ermənistanla bu gün əməkdaşlığı Azərbaycanın düşməni ilə əməkdaşlıq deməkdir. İran beynəlxalq hüququn subyekti olaraq nəzərə almalıdır ki, Ermənistan işğalçı dövlətdir." — deyə S.Əkbər bildirib.

Politoloq qeyd edib ki, belə bir halda İranın Azərbaycanın düşməni ilə, işğalçı bir dövlətlə əməkdaşlıq etməsi, ora yüksək səviyyədə səfərlər təşkil etməsi Azərbaycanın birbaşa maraqlarına, eyni zamanda, beynəlxalq hüquqa və İranın öz maraqlarına ziddir: "İran prezidenti nəzərə almalıdır ki, İranda ən böyük çoxluq məhz Azərbaycan türkləridir, azərbaycanlılardır. Günün birində bu Azərbaycan türkləri nəhayət İranda ictimai-siyasi bir faktora çevriləcək və İranın siyasi qərarvericilərindən hesab istəyəcəklər. Əgər İran bu, yanlış siyasətini davam etdirərsə, Azərbaycan İran siyasətinə yenidən baxmalıdır."

© Sputnik / Murad OrujovElxan Şahinoğlu, politoloq
Elxan Şahinoğlu, politoloq  - Sputnik Azərbaycan
Elxan Şahinoğlu, politoloq

Politoloq Elxan Şahinoğlu isə bu barədə facebook hesabında yazıb: "Axır ki, iranlı diplomatlardan kimsə, türklər demişkən, ağzındakı paklanı çıxardı. Biz həminşə İranın siyasətini ona görə tənqid edirik ki, Tehran müsəlman Fələstinin işğalına görə İsraili yerdən yerə vurarkən, digər müsəlman məskəni olan Qarabağın işğalına görə Ermənistanla dost münasibətlər qurub. Yəni, ortada ikili standartlar var. Buna cavab olaraq İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib ki, Qarabağ münaqişəsi Fələstin münaqişəsinə bənzəmir (?!): "İsrail rejiminin orada törətdiyi qırğınlar və insanlara verilən zülümlər Qarabağda baş verən hadisələrlə müqayisə olunmaz dərəcədədir". Yəni iranlı diplomat faktiki üzümüzə baxaraq deyir ki, ermənilər yəhudilər qədər müsəlmanlara əziyyət verməyiblər. Bəs görəsən, işğalın davamı, azərbaycanlıların Dağlıq Qarabağdan qovulması və Xocalı soyqırımında müsəlmanların qətliamı İran səfiri üçün zülm deyilsə, bəs nədir? Xarici İşlər Nazirliyimizin mətbuat katibi iranlı səfirin Azərbaycanın mövqeyini aşağılayan və ermənilərin işğalına faktiki haqq qazandıran bu fikrinə münasibət bildirməlidir, əks halda Tehranın "Fələstin ayrı, Qarabağ ayrı" tezisini həzm etmiş kimi görünəcəyik".

© Photo : APAMöhsün Pakayin, İranın Azərbaycandakı səfiri
Möhsün Pakayin, İranın Azərbaycandakı səfiri  - Sputnik Azərbaycan
Möhsün Pakayin, İranın Azərbaycandakı səfiri

"Azərbaycan parlamentinin son iclasında parlamentarilər ümumilikdə İran-Azərbaycan münasibətinə müsbət yanaşıblar. Yalnız üç deputat tənqidi danışıb. Amma biz bunları nəzərə alaraq, parlamenti İran-Azərbaycan münasibətlərinə xələl gətirəcək qurum kimi təqdim etməməliyik".

APA-nın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Ermənistanla viza rejimini ləğv etdiyinə, eləcə də münasibətlərin dərinləşməsinə yönəlik addımlar atdığı üçün Milli Məclisin son iclasında deputatların İranın ünvanına səsləndirdikləri fikirlərə münasibət bildirərkən deyib.

Səfir bildirib ki, Azərbaycan Milli Məclisi iki ölkə münasibətlərinə ümumilikdə müsbət yanaşıb.

"Parlamentdə İranla imzalanmış sənədlərin təsdiq olunması da münasibətlərə müsbət yanaşmanın olduğunu göstərir", — deyə o qeyd edib.

Diplomat İranın Qarabağ münaqişəsi ilə bağlı ikili mövqe nümayiş etdirdiyini düşünmədiyini vurğulayıb: "Bizim uzun illər ərzində münaqişə ilə bağlı mövqeyimiz eyni olub. Biz beynəlxalq təşkilatlarda daim Azərbaycanın yanında olmuşuq. İranın prinsipial mövqeyi ondan ibarətdir ki, bütün ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik, regionda müharibənin yenidən alovlanmasını istəmirik. Çünki bu, regionun da xeyrinə deyil….

Qarabağ münaqişəsi Fələstin münaqişəsinə bənzəmir. İsrail rejiminin orada törətdiyi qırğınlar və insanlara verilən zülümlər Qarabağda baş verən hadisələrlə müqayisə olunmaz dərəcədədir. Başqa məsələ ondan ibarətdir ki, Qarabağ münaqişəsinin həlli üçün ölkə rəhbərləri danışıqlar aparırlar və biz ümid edirik ki, bu danışıqlar bəhrə verəcək. Fələstin məsələsinin isə sülh yolu ilə həll olunacağını görmürük və buna inanmırıq".

Xatırladaq ki, deputatlar Fazil Mustafa, Qüdrət Həsənquliyev və Zahid Oruc Milli Məclisdə Azərbaycanla İranın əməkdaşlığına dair bir sıra sənədlərin müzakirəsi zamanı İranın Azərbaycanla bağlı siyasətinə dair tənqidi fikirlər səsləndirmişdilər.

Xəbər lenti
0