BAKI, 16 iyun-Sputnik. Rusiya günü münasibətilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırımın, Kremlin ünvanına göndərdiyi məktub Moskvada birmənalı qarşılanmayıb. Siyasi ekspertlərin çoxu bu cür üsullarla iki dövlətin arasının düzəlməsini inandırıcı hesab etmir. Əsasən də rus politoloqlar birmənalı şəkildə bildirir ki, vurulan təyyarəyə görə Ərdoğan Rusiyadan üzr istəməyincə, heç bir irəliləyiş olan deyil.
Mövzunu Sputnik-ə şərh edən millət vəkili Araz Əlizadə Türkiyəni Rusiyaya xəyanət etməkdə təqsirləndirib:
"Sən dostuna xəyanət et, təyyarəsini vur, düşmən münasibət göstər, sonra da onu təbrik elə. Bunu hansı dost qəbul edə bilər?! Əgər türk rəhbərliyi mərd siyasət apardığını iddia edirsə, onda o cür də Rusiyadan üzr istəməlidir və elədiyini boynuna almalıdır. Bəlkə də heç Putin onlardan nə təyyarənin pulunu, nə də təzminat istəməyəcək. Sadəcə olaraq, rəsmi Kreml Türkiyənin öz səhvini boynuna almasını gözləyir".
A.Əlizadə hesab edir ki, əgər Ərdoğanın məktubuna Moskvadan müsbət cavab gəlməsə, əlaqələr daha da pisləşməyəcək, amma normallaşma da olmayacaq:
"Əgər Vladimir Putin əlaqələrin daha da pisləşməsini istəsəydi, təyyarə vurulandan sonra daha sərt addımlar ata bilərdi. Onda nə NATO, nə də başqa müttəfiqləri Türkiyənin yanında dura bilərdi. Ancaq Putin bunu istəmədi. Çünki Kreml rəhbəri türk xalqı ilə münasibətlərin korlanmasını özü də arzu etmirdi".
Azərbaycanlı politoloq Zərdüşt Əlizadə isə Sputnik-ə açıqlamasında, rus mətbuatında səslənən çıxışları pisləyərək, türk tərəfinin üzr istəməyəcəyini söyləyib:
"Axı rəsmi Ankara nəyə görə üzr istəməlidir? Mənim bildiyimə görə, rus döyüş təyyarəsi vurulmadan öncə dəfələrlə xəbərdarlıq edilmişdi. Türk mətbuatının yazdığına görə, həmin hadisədən əvvəl də bir neçə dəfə rus qırıcıları Türkiyənin hava məkanını kobud şəkildə pozurdu. Rəsmi Ankara buna ciddi reaksiya verərək Moskvanı xəbərdar etmişdi. Amma buna baxmayaraq, belə hallar təkrar olunurdu. Və nəticə də göz qabağındadır".
Z.Əlizadəyə görə, əgər Moskva üzr məsələsində inadkarlıq etsə, iki ölkənin münasibətləri bu gün olduğu kimi qalacaq:
"Türkiyə də itirir, Rusiya da itirir. Rusiyanın itkiləri isə daha böyükdür. 20 milyard dollarlıq Akkuyu Atom stansiyasının müqəddəratı hələ də həll olunmayıb. Hansı ki, Rusiya bu atom stansiyasının tikinti işini öz üzərinə götürmüşdü. Əgər bunun gerçəkləşməsi geciksə, "RusAtom" çox böyük bazarı itirə bilər. Bundan başqa, Cənub qaz kəmərinin çəkilməmə ehtimalı da var. O zaman Rusiya məcbur olacaq ki, yenə də qazın nəqli məsələsində Ukrayna ilə razılığa gəlsin".
Mövzuya türk politoloq Ömər Dinçər də münasibət bildirib. Sputnik-ə açıqlama verən Ö.Dinçərin sözlərinə görə, problemin uzanması nə Ankaraya, nə də Moskvaya yarayır.
"Əslində həm Ərdoğanın, həm də Binəli Yıldırımın Rusiya günü münasibətilə Putinə və Medvedevə yazdıqları məktub müsbət hesab olunmalıdır. Ümid edirəm ki, Kreml bu addımı düzgün dəyərləndirər. Üzr məsələsinə gəlincə, təyyarə vurulandan sonra Ərdoğan açıq şəkildə bildirmişdi ki, əgər təyyarənin Rusiyaya aid olduğunu bilsəydilər, başqa cür davranardılar. Həm də unutmaq olmaz ki, həmin döyüş qırıcısı türk hava məkanını pozduğu üçün vurulmuşdu. Əgər Moskva bu iddianı qəbul etmirsə, beynəlxalq ekspertlərin iştirakı ilə komissiya qurula bilər. Ankara bu təklifi də dəfələrlə edib. Uzun sözün qısası, bu məsələnin uzanması heç bir tərəfi məmnun etmir və hər iki ölkənin iqtisadiyyatına ciddi ziyan vurur", — deyə politoloq bildirib.