Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyə və Rusiya üçün son şans: başqa yol yoxdur

© Sputnik / Aleksey NikolskyƏrdoğan və Putin
Ərdoğan və Putin - Sputnik Azərbaycan
Abunə olmaq
Qərbin ögey münasibəti ilə üzləşən bu iki böyük dövlətin barışması, müttəfiqə çevrilməsi artıq tarixi zərurətdir.

BAKI, 9 iyun — Sputnik. Yəqin ki, Cırtdanın nağılını oxumusuz. Uşaqlar soruşurlar: hansı tərəfə gedək, işıq gələn tərəfə, yoxsa itlər hürən tərəfə? Qərara gəlirlər ki, işıq gələn tərəfə getsinlər. Nəticədə divlə qarşılaşırlar.

Biz əvvəl düşünürdük ki, Cırtdanın divi aldadaraq xilas olması kimi hallar ancaq nağıllarda olur, ya da hind filmlərində. İndi elə zaman gəlib ki, biz də nağıldakı uşaqlar kimi "it hürən, yoxsa işıq gələn tərəf" seçimi qarşısında qalmışıq. Özü də bu seçimi bizim qarşımıza Dağlıq Qarabağ problemi qoyub.

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri - Sputnik Azərbaycan
Türkiyə, Azərbaycan və Gürcüstan Qafqazda hərbi ittifaq yaradır?

Biz sadəlövhcəsinə işıq gələn tərəfə gedirdik. Haradan biləydik ki, bizi orada div gözləyir?! Biz indi demokratiya, insan hüquqları, yüksək yaşam şərtləri ilə cazibəsi göz qamaşdıran Qərbə doğru getməliyik, yoxsa geopolitik ağırlığını hər zaman üzərimizdə hiss etdiyimiz Rusiyaya?!

Dəyişməyən hədəf

Azərbaycan müstəqil dövlət olaraq öz taleyini Türkiyə ilə bağlayıb. Bir millət, iki dövlət prinsipinə bu ölkədə hər kəs sadiqdir: Qərbin cazibəsinə uyanlar da, Rusiya sevgisindən heç cür vaz keçə bilməyənlər də. Biz istəsək belə, kökümüzdən qopmayacağıq. Əslində qopmaq da bizdən tələb olunmur. Biz yaşadığımız arealda türklər üçün daha yaxşı şərtlərin olmasına birlikdə çalışmalıyıq.

Artıq hər ikimizə əziyyət verməyə başlayan erməni faktoru da bunu bizə diqtə edir. Yəqin razılaşarsınız ki, məşhur təyyarə böhranına qədər Qarabağ probleminin açarını əlində saxlayan Rusiyanın Türkiyə ilə yaxınlaşması statistik azərbaycanlıları sevindirirdi. Biz bu yaxınlaşmaya Qarabağ ümidi kimi baxırdıq. Amma Türkiyə-Rusiya münasibətlərində yaranan gərginlik həm özlərini, həm də onların yaxınlaşmasını arzu edən üçüncü tərəfləri məyus etdi.

Son zamanlar Qərb dünyasında anti-türk əhval-ruhiyyənin artması, Avropa İttifaqı ölkələrinin Türkiyəyə qarşı adekvat olmayan münasibət sərgiləməsi, Türkiyəni dünyada yeni müttəfiqlər axtarışına çıxmağa vadar edir. Türkiyə ilə mühacirlərin geri qaytarılması əvəzində ona müvafiq məbləğin ödənilməsi, viza anlaşması da donduruldu.

Baxmayaraq ki, bir çoxları Aİ-nin bu addımlarını anlaşma müəlliflərindən biri olan Əhməd Davudoğlunun Türkiyənin baş naziri postundan geri çağırılması ilə izah etməyə çalışırlar, bunun məntiqi əsası yoxdur. Çox da ki, Rəcəb Tayyib Ərdoğanın Avropa demokratiyasına zidd hesab olunan hərəkətləri Aİ-nin xoşuna gəlmir. Axı Aİ təcrübədə dəfələrlə göstərib ki, ona lazım olanda istənilən anti-demokratik, anti-hüquqi hərəkətə demokratik və hüquqi don geyindirə bilir.
Avropa nə dərəcədə səmimidir?

Türkiyəyə ikinci zərbə yenə Aİ-dən gəldi. Belə həssas məqamda Almaniya Bundestaqı birmənalı şəkildə qondarma "erməni soyqırımı"nı tanıyan qətnamə qəbul etdi. Əlbəttə, indi çoxları Avropanın Türkiyədən üz döndərməsini Ərdoğanın Osmanlı xilafətini bərpa etmək yönündəki çabaları ilə əlaqələndirirlər. Amma yadımıza salaq ki, Ərdoğanaqədərki bir neçə onillikdə Türkiyədə məhz qərbyönümlü demokratlar hakimiyyətdə idi. Onlar nəinki qərbyönümlü idilər, hətta Türkiyədə islamçılığı təqib edəcək, dini şeir söyləyən siyasiləri həbsxanaya atacaq qədər dünyəvi idilər.

Bəs onda niyə Aİ Türkiyənin bu alyansa qoşulması üçün günü-gündən şərtlərini sərtləşdirir və tələblərini artırırdı?! Türkiyə Aİ-nin bütün tələblərini yerinə yetirmək iradəsini nümayiş etdirirdi. Bəs onda niyə kürd problemi və Ermənistanla sərhədlər məsələsi Türkiyənin Aİ yoluna sipər olaraq çəkilmişdi?

Axı kürdlərə muxtariyyat verilməsi Türkiyənin daxili işi idi. Yaxud da Türkiyənin sərhədləri hesabına yeni bir kürd dövlətinin yaradılması dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin zorla dəyişdirilməsi əleyhinə beynəlxalq hüququn prinsiplərinə ziddir.

Ermənistanla əlaqələri qurub-qurmaması da Türkiyənin daxili işi idi. O istədiyi qonşu ilə dost ola bilər, istəmədiyi ilə də heç salam-sağ ol münasibəti belə, saxlamaz, yetər ki, həmin qonşusunu təhdid etməsin. Demək ki, Aİ-nin Türkiyə qarşısında qoyduğu bir çox tələblər məhz qərəzli idi və onu Avropaya buraxmamaq üçün bəhanələr sayıla bilərdi.

Rusiyaya sanksiya, Ermənistana mükafat

Analoji münasibətlə Rusiya da üzləşir. Əlbəttə, Rusiyanın Ukrayna ilə bağlı yürütdüyü siyasətə qarşı çıxmaq Aİ ölkələrinin təbii hüququdur. Beynəlxalq hüququn predmetinə hər kəs həssas yanaşmalıdır. Amma eyni şeyi Ermənistan Azərbaycan ərazilərinə qarşı törətmişdi. Niyə Rusiya çoxsaylı sanksiyalara məruz qaldı, Ermənistan isə çoxsaylı yardım proqramları ilə mükafatlandırıldı?

Yaxud niyə ABŞ-ın rəhbərlik etdiyi hərbi-siyasi koalisiyaya Suriyanın daxili işlərinə qarışmaq olar, amma Rusiyaya deyil? Əlbəttə, bu platformada hər kəsin özünə görə bir haqlı və bir haqsız tərəfi var. Amma bu, beynəlxalq tərəzinin gözünü davamlı olaraq bir tərəfə əyməyə əsas verirmi?!

Dmitri Medvedyev - Rusiyanın baş naziri - Sputnik Azərbaycan
RUSİYA
"Qərbdən sanksiyaların ləğvini xahiş etməyəcəyik"

Almaniya hökuməti dövlət təhlükəsizliyi ilə bağlı siyasətini əks etdirən "Ağ kitab"ı elan etməyə hazırlaşıb. "Die Welt" qəzetinin yazdığına görə, Müdafiə Nazirliyi tərəfindən hazırlanmış 80 səhifəlik sənədə digər güc strukturları tərəfindən düzəlişlər edilib.

Yekunda əsas dəyişikliklərdən biri Rusiya ilə bağlıdır. Bu dəyişiklikdə Moskvanı "tərəfdaş" yox, "rəqib" kimi qeyd ediblər. Sənəd müəlliflərinin fikrincə, Rusiya müharibə ilə sülh arasındakı sərhədi aradan götürür.

"Moskva öz maraqlarını zorakı üsullarla təmin edir və beynəlxalq hüquqla təsbit edilmiş sərhədləri özbaşına dəyişdirir və bu səbəbdən də Avropada "soyuq müharibə"nin başa çatmasından sonra formalaşmış dünya nizamına qarşı təhlükə yaradır" — deyə rəhbərlik bildirib.

Həmçinin qeyd olunur ki, Rusiya Qərbdən üz döndərir, strateji rəqabəti gücləndirir və Avropa İttifaqının xarici sərhədlərində hərbi fəaliyyətini genişləndirir.

Kitab müəlliflərini xüsusilə ictimai rəyin idarə olunmasında rəqəmsal kommunikasiyalardan istifadə olunması, sosial şəbəkələrdəki diskussiyalara qeyri-rəsmi nəzarətdən tutmuş xəbərlərdə informasiyaların manipulyasiyasına qədər narahat edir.
Güc strukturları bütün bu səbəblərə görə, hesab edirlər ki, Rusiya öz kursunda fundamental dəyişikliklər etməsə, qarşıya qitənin təhlükəsizliyi ilə bağlı çağırışlar qoyacaq ki, bu da Almaniya üçün ciddi nəticələr doğuracaq.

Qərb türklərlə ruslara yeganə yol buraxır…

Buyurun, bu da Avropa hegemonu Almaniyanın Rusiyaya münasibəti. Türkiyəyə və Rusiyaya bəslənən qeyri-adekvat münasibət bu iki ölkəni təbii müttəfiqliyə itələyir. Onlar ötən əsrlərin kin-küdurətini bir tərəfə buraxıb onları yaxınlaşdıracaq rıçaqlardan yapışmalıdırlar.

Nəzərə alanda ki, Rusiyanın tərkibində çox sayda müsəlmanlar və türkdilli xalqlar yaşayır, nəzərə alanda ki, Orta Asiyanın türkdilli respublikaları Rusiyanın təsir dairəsindədir, artıq təbii müttəfiqlik üçün yetərincə zəmin var. Qalır o zəmini siyasi, iqtisadi və mədəni cəhətdən zənginləşdirmək. Dünyanın geosiyasi konturlarını yenidən cızmaq.

Politoloq Elxan Şahinoğlunun dediyi kimi, Rusiya ilə Türkiyəni hazırda bir-birinə düşmən edən səbəbləri asanlıqla aradan qaldırmaq mümkündür. Hər iki tərəfin vaxtaşırı münasibətləri düzəltmək istiqamətində bir-birilərinə ilıq mesajlar verməsi təsdiq edir ki, hazırkı məqamda küsülü olmaq onların heç birinə sərf eləmir: həm siyasi, həm iqtisadi, həm də geosiyasi baxımdan.

Hətta vəziyyət belədir ki, Kremlin danışan dili, RLDP-nin lideri Vladimir Jirinovski Türkiyənin Rusiyadakı səfiri Ümid Yardımla görüşüb. Görüşün detalları açıqlanmasa da, müsbət nəticəsi artıq hiss olunur. Bir qədər əvvəl "İstanbulu bombalamaq lazımdır", "Türkiyəni parçalayıb erməni və kürd dövləti yaratmaq lazımdır", "türklər köçəridirlər, onları yenidən Mərkəzi Asiyaya qovmalıyıq" və s. kimi radikal ifadələr işlədən Jirinovski türk səfirlə görüşəndən sonra ritorikasını dəyişib: Rusiya-Türkiyə dostluğunun yaxın keçmişindən danışır, iki dövlətin arasını Amerikanın vurduğunu deyir.

Ümid Yardım Jirinovski ilə görüşməklə düzgün hədəfə vurub. Çünki Jirinovskini hər nə qədər "dəli" kimi səciyyələndirsək də, onun Rusiya cəmiyyətində kifayət qədər nüfuzu və dəstəyi var. O, Rusiya telekanallarının əsas simasıdır. Çünki onun emosional çıxışları proqramlara reytinq gətirir. Onun 1-2 verilişə çıxması kifayətdir ki, Rusiya cəmiyyətindəki Türkiyə ilə bağı son zamanlar yaranmış isterika aradan qalxsın.
1 il əvvələ qayıtmalı…

Politoloq hesab edir ki, təyyarə ilə bağlı hər iki ölkənin və beynəlxalq ekspertlərin də iştirakı ilə birgə komissiya yaradıla, sərhəddin pozulub-pozulmadığı araşdırıla bilər. Əgər pozulubsa, Rusiya, pozulmayıbsa, Türkiyə üzr istəyə, əvəzi nədirsə, ödəyə bilər. Nəticədə əvvəlki əlaqələr bərpa edilə bilər.

Onlar Suriyada anlaşa bilmədikləri məsələləri də aradan qaldıra bilərlər. Nəzərə almaq lazımdır ki, Ukrayna böhranından sonra Qərb dövlətlərinin Rusiyaya qarşı sanksiyalar siyasətinə Türkiyə qoşulmamışdı. Hətta bəzi ekspertlərdə belə qənaətlər var ki, Qərb Türkiyə-Rusiya münasibətlərindən ciddi surətdə narahat olduğu üçün təyyarə böhranında katalizator rolunu oynamışdı.
Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması Azərbaycana da lazımdır. Azərbaycan bu iki ölkənin əllərini birləşdirmək üçün mümkün olan hər şeyi etməlidir. Çünki hər iki ölkənin bir-birinə zidd olan geosiyasətindən ən çox zərərli çıxan məhz Azərbaycandır.

Hamı bilir ki, Dağlıq Qarabağın açarı Rusiyadadır. Bunu Merkel də İlham Əliyevin son Almaniya səfərində dilə gətirdi. Avropa və ABŞ-ın tutumundan görünür ki, onlar Cənubi Qafqazdakı prosesləri Rusiyaya uduzduqlarının fərqindədirlər və bunu bir şəkildə boyunlarına alırlar. Qalır Ermənistanla nə etmək məsələsi. Bu isə başqa bir yazının mövzusudur…

Xəbər lenti
0