CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qaxdan həyəcan təbili

© Photo : Afaq AbbaslıQax rayonunda taxıl sahəsi
Qax rayonunda taxıl sahəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Yağan yağışlar kəndlilərin vəziyyətini ağırlaşdırıb.

BAKI, 16 iyun-Sputnik. İyun ayında havanın küləkli və yağmurlu keçməsi aqrar sahədə bir sıra problemlər yaradıb. 

Belə ki, yetişmiş taxıl sahələrində taxılların gövdəsi yerə yapışıb. Hazırda taxıl biçininin başlanmasına baxmayaraq, anomal hava şəraiti olduğuna görə, kombaynlar sahələrə çıxa bilmir.

Qax rayonunun taxıl sahələrinin hazırkı vəziyyəti barədə Sputnik-in bölgə müxbirinə açıqlama verən aqronom Qurban Abbasoğlu vəziyyətin ağır olduğunu bildirib: "Taxıl zəmilərində olan taxılların yerə yapışması və biçinin gecikməsi ciddi məhsul itkisinə səbəb olub. Yem toplanışı sahəsində də vəziyyət acınacaqlıdır. Belə davam etsə, rayon əhalisi bu il taxılsızlıqdan əziyyət çəkəcək."

Aqronom həmçinin bildirib ki, yağışların ucbatından yonca və təbii biçənəklərdə biçilmiş otu qurudub yığmaq da mümkün deyil.

"Məcburi şəkildə yaş halda yığılmış otun keyfiyyəti və qidalılığı aşağı düşür. Bu da gələcəkdə heyvandarlığın inkişafına mənfi təsir göstərir. Kəndlilər artıq indidən mal-qaranı qışdan çıxara bilməyəcəklərinin dərdini çəkirlər. Yayda kifayət qədər ot yığa bilməyəndə, qışda heyvanların vəziyyəti çətin olur" — deyə aqronom bildirib.

O, həmçinin əlavə edib ki, bölgəyə yağan dolu da əkin sahələrinə ciddi ziyan vurub.

Q.Abbasoğlunun fikrincə, Kənd Təsərrüfatı Nazirliyi təbii fəlakətlər səbəbindən əhaliyə dəyən ziyanın qismən kompensasiya olunması üçün, əkin-biçin dövründə kəndlilərə maddi-texnik dəstək versə, vəziyyəti qismən düzəltmək olar.

"Kəndlilər min bir zəhmətlə əldə etdikləri vəsaiti taxılçılığa, yonca səpininə xərcləmişdilər. Məhsulun batması kəndlinin vəziyyətini ağırlaşdırır. Kənd Təsərrüfatı Nazirliyi kəndlilərin vəziyyətini nəzərə alaraq bu sahəyə kiçik kreditlərin ayrılmasına çalışmalıdır. Əks təqdirdə ölkədə kənd təsərrüfatının heç bir sahəsini inkişaf etdirmək mümkün olamayacaq" — deyə mütəxəssis əlavə edib.

Xəbər lenti
0