Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Oyundan kənar vəziyyət" təhlükəsi

© Photo : Orxan Kerimov / İnterazMilli Şuranın mitinqi. Arxiv şəkli
Milli Şuranın mitinqi. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda siyasi hava ölkənin iqlimi ilə üst-üstə düşür, yaz, yay, payız - "üçü birlikdə" təsirini bağışlayır.

Azərbaycanda siyasi hava ölkənin iqlimi ilə üst-üstə düşür, yaz, yay, payız — "üçü birlikdə" təsirini bağışlayır. Ölkənin siyasi həyatında durğunluq hökm sürür. 

Azərbaycanda işarəni yalnız xaricdən gözləmək ənənəsi davam edir. Müxalifət Qərbdən yardım gözləyir. Azərbaycan hakimiyyətini isə Qərbin "daxili məsələlərə burnunu soxması", "demokratiya tələblərini" artırması qəzəbləndirir. Lakin bəlli olan budur ki, Qərbin planında demokratik dəyişikliklər deyil, konkret geosiyasi tələblər durur.
Azərbaycan hakimiyyəti Qərbin demokratiya tələblərini müəyyən mənada nəzərə ala bilir, lakin, təcrübə göstərir ki, onun bütün tələblərinə əməl etmək özünü alovun içinə atmaq deməkdir. Digər tərəfdən, hələ ki, balanslaşdırılmış siyasət aparmağa müvəffəq olan rəsmi Bakıya bir müddətdən sonra geosiyasi seçim də etmək lazım gələcək. Belə vəziyyət uzun müddət davam da edə bilməz. Bu baxımdan, rəsmi Bakı özünü qorumaq üçün tərəflərdən biri ilə anlaşmaq zorundadır.

Azər Rəşidoğlu, politoloq - Sputnik Azərbaycan
Siyasi mübarizə olmayan ölkədə siyasi dialoq iddiası
Bəzi araşdırmaçıların qənaətinə görə, hələ ki, durğunluq bataqlığında hərəkətsiz qalan müxalifət birlik modelini gücləndirərsə, konkret fəaliyyət proqramına malik olarsa, siyasi səhnədə daha çox uğur əldə edə bilər. Bu baxımdan, bütün ümidlərin yalnız xarici amil ilə əlaqələndirilməsi də yanlışdır. Əgər Rusiya və yaxud ABŞ rəsmi Bakını müdafiə etdiyini birmənalı olaraq bəyan edərsə, müxalifətin bütün gözləntiləri puça çıxa və protest elektoratını növbəti dəfə xəyal qırıqlığına uğrada bilər. Əslində, müxalifətin əsas nöqsanı da elə xaricdən işarə gözləməkdən ibarətdir.

Bütün baş verənlərin bir blef ola bilmə ehtimalını nəzərdən qaçırmaq olmaz. Bu baxımdan, xarici amil olmadan da, protest elektoratı ilə iş gücləndirilə, vahid koordinasiya və mübarizənin taktiki, strateji tərəfləri yenidən nəzərdən keçirilə bilər.
Adətən, Azərbaycanda daxili problemlər çoxaldıqca, onlar super güclərin manevr predmetinə çevrilir və rəsmi Bakıya qarşı əlavə təzyiq vasitəsi formasını alır. Bu isə ona gətirib çıxarır ki, vəziyyət qəlizləşərsə, iqtidar müxalifətlə deyil, bu narazılıqlardan məharətlə istifadə edən xarici güclərlə anlaşa bilir. Bir sözlə, müxalifət üçün oyundan kənar qalmaq təhlükəsi həmişə mövcuddur.

İqtidar - müxalifət dialoqu - Sputnik Azərbaycan
SİYASƏT
Azərbaycan müxalifətinin anti-böhran təklifləri
Müxalifət düşərgəsində vahid lider yoxdur. Vahid lidersiz və situasiyanın dəyişdirilməsinə nail olmadan protest elektoratını meydanlara, yaxud seçki məntəqələrinə səsləmək perspektiv vəd etməyəcək. Unutmaq lazım deyil ki, bu gün özünü müxalifətin lideri kimi təqdim edənlərin çox az bir qismi gerçəkdən bu missiyanı daşımağa razı olarlar. Əslində iddialarından geri çəkilmək aparıcı liderlərin hamısına sərf edir. Kimisə önə, atəş xəttinə çıxartmaq hər bir üzdə olan liderin praqmatik maraqlarına da cavab verir.

Lakin vahid lider statusu əlavə divident də gətirə bilər. İnsanların həddən ziyadə praqmatikləşdiyi dövrdə özünü fəda etməyə hazır olan lider tapmaq da çətindir.
Əgər bu gün protest elektoratı vahid lideri az qala idealizə edirsə, onun yoxluğunu müxalifətin məğlubiyyətinin əsas səbəblərindən biri kimi görürsə, gələcək seçkilərdə ciddi məğlubiyyət yaşanarsa, kimliyindən asılı olmayaraq, səmalara qaldırdığı liderdən qisas almaq istəyəcək. Qələbənin həzzini hamı dadmaq istəyir, ona hamı şərik olmaq arzusunda olur, məğlubiyyətə görə isə yalnız lider cavab verməli olur.

Əslində bugünkü siyasi vəziyyəti nəzərə alsaq, müxalifətin lideri statusu məsuliyyəti üzərinə götürmək və gələcəyini riskə atmağı ehtiva edir. Son dərəcə ağır missiyadır. Qələbənin ətri duyulmadan heç kəs bu məsuliyyəti üzərinə götürmək istəməyəcək. Müxalifətin gözlədiyi qələbədən isə bir xəbər yoxdur.

Xəbər lenti
0