Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Başqasının mətbəxinə soxulmaq, icazəsiz yataq otağına soxulmaq qədər tərbiyəsizlikdir"

© Photo : REPORT IAİlham Namiq Kamal, xalq artisti, professor
İlham Namiq Kamal, xalq artisti, professor - Sputnik Azərbaycan
Abunə olmaq
Xalq artisti İlham Namiq Kamal: "Bakının mərkəzində olan restoranların 150 manatlıq süfrələrini, mətbəxlərini çəkib niyə göstərmirlər? Gücləri kənardakı sadə, kiçik sahibkarlara çatır?!"

BAKI, 10 iyun-Sputnik. "Belə layihələrlə məkanlara soxulub sahibkarları qorxudaraq pul qoparmaq niyyəti güdürlər. Bu tipli jurnalistlərin əlindən sahibkarlar beziblər."
Bu fikirləri Sputnik-ə müsahibəsində, Şöhrət ordenli, xalq artisti, professor İlham Namiq Kamal ATV-nin "Yoxlama" verlişinin əməkdaşları ilə Şamaxı restoranlarından birində çəkiliş zamanı baş verən insidentə münasibət bildirərkən deyib.

Məlum olduğu kimi, ATV-də yayımlanan "Yoxlama" verlişinin əməkdaşları Şamaxı ərazisində yerləşən restoranların birinin mətbəxinə çəkiliş aparmaq məqsədilə icazəsiz daxil olublar. Bu, restoran rəhbərliyinin etirazına səbəb olub. Nəticədə çəkiliş aparmaq istəyən TV əməkdaşları ilə restoran rəhbərliyi əlbəyaxa olub. Çəkiliş dayandırılıb və jurnalistlər polisə müraciət ediblər. Sözügedən hadisənin videogörüntüləri internetdə yayımlanıb.

Baş verənlərə xalq artisti İlham Namiq Kamal öz etirazını bildirib.

"Baş verənləri internetdə izlədim və utandım. Biz böyük çətinliklə müstəqilliyimizi əldə etmişik və cəmiyyətimiz gün-gündən inkişaf edir. Biz çalışmalıyıq ki, özümüzü lazımsız "dəyərlər"dən qoruyaq. Amma təəssüf ki, bəzən bunun əksini görürük. Şamaxıdakı restoranda baş verən hadisə şəxsən məni utandırdı." — deyə İ.N.Kamal bildirib.

Prezidentin sahibkarlara göstərdiyi qayğını və onlara verdiyi dəyəri müsbət qiymətləndirən xalq artisti deyib ki, Şamaxıda fəaliyyət göstərən həmin restoran da bu qayğı və dəyərin nəticəsi olaraq yaranıb. Lakin, bəzən sahibkarlara qarşı yersiz hücumlar təşkil edilir ki, ATV əməkdaşlarının etdiyi də bu qəbildəndir.

Xalq artistinin sözlərinə görə, o, Şamaxıya gedərkən tez-tez jurnalistlərin hücum çəkdikləri həmin məkana gedir və orada hazırlanan yeməklərdən yeyir.
"Oranın həm yeməkləri, həm xidmətləri və ən əsası da qiymətləri çox münasibdir. Eşitdim ki, jurnalistlər başlarına papaq qoyub soxulublar mətbəxə. Başqasının mətbəxinə soxulmaq, icazəsiz yataq otağına soxulmaq qədər tərbiyəsizlikdir. Bu axı duz deyil!" — deyə İ.N.Kamal bildirib.

Xalq artisti ümumilikdə jurnalistlərin reket fəaliyyətlərinə də toxunub: "Axı niyə Bakının mərkəzində olan restoranların 150 manatlıq süfrələrini, mətbəxlərini çəkib göstərmirlər?! Gücləri bölgələrdəki sadə, kiçik sahibkarların obyektlərinə çatır? İndi hamı bir-birini yaxşı tanıyır. Belə layihələrlə məkanlara soxulub sahibkarları qorxudaraq pul qoparmaq niyyəti güdürlər. Bu tipli jurnalistlərin əlindən sahibkarlar beziblər."

Xalq artisti bu cür hərəkətlərin qarşısını almaq üçün müvafiq şəxslərə də Sputnik vasitəsilə müraciət edib: "Mən buradan Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmliyə, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşova səslənirəm. Hörmətli Nuşirəvan Məhərrəmli, hörmətli Əflatun Amaşov, belə jurnalistlərə diqqət edin, onlar haqqında ölçü götürün! Axı belə verilişlər, belə jurnalistika fəaliyyəti bizim cəmiyyətə ziyan vurur! Sizin belə jurnalistləri peşə etikasına, qanunçuluğa riayət etməyə dəvət etmək imkanınız var."

Xəbər lenti
0