BAKI, 13 iyun-Sputnik. Təhsil Nazirliyi bəzi ümumtəhsil müəssisələrində "Son zəng" tədbirlərinin iyunun 14-dən tez keçirilməsi məsələsinə aydınlıq gətirib.
Sputnik Report-a istinadla xəbər verir ki, bəzi ümumi təhsil məktəblərində "Son zəng" tədbiri bu gün keçirilir.
Lakin bu, Təhsil Nazirliyinin razılığına əsasən olub. Buna səbəb Bakı şəhərində keçiriləcək "Formula 1 Avropa Qran Pri" yarışı ilə bağlı iyunun 14-dən etibarən Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinin tamamilə məhdudlaşdırılmasıdır.
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda "Son zəng" tədbirinin keçirilməsi haqqında əmr imzalayıb. Əmrə əsasən, "Son zəng" tədbiri iyunun 14-də yalnız müəssisənin ərazisində təşkil olunmalıdır. Lakin Azərbaycanın, o cümlədən Bakının bir sıra rayonlarında "Son zəng" tədbiri vaxtından əvvəl keçirilib.
İyunun 14-də ümumi təhsil müəssisələrinin IX siniflərini 110 222, XI siniflərini 88 591, XII sinifləri isə 856 şagird bitirəcək. Növbəti 2016/2017-cı dərs ilində isə orta məktəblərin I siniflərinə 164 033 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.