BAKI, 10 iyun-Sputnik. Sputnik Beynəlxalq İnformasiya Agentliyi "Avropa Birliyi Türkiyəni niyə üzvlüyə qəbul etmək istəmir?" sualı ilə oxucular arasında sorğu keçirib. Sorğuda oxuculara "Beynəlxalq sülhməramlıların Qarabağda yerləşdirilməsinə necə baxırsınız?" sualı ünvanlanıb.
Oxuculara bu cavab variantları verilib: 1. Avropa Birliyi xristian klubudur, müsəlman Türkiyənin orada yeri yoxdur; 2. Türkiyənin qanunvericiliyi, vergi və hüquq sistemi AB-nin standartlarına uyğun gəlmir; 3. Türkiyənin iqtisadi və kənd təsərrüfatı potensialı avropalıları qorxudur; 4. Türkiyənin ərazi və əhali üstünlüyü AB-ni narahat edir; 5. Türkiyədə ucuz işçi qüvvəsi çoxdur, bu da AB ölkələrində işsizlik böhranına gətirib çıxara bilər; 6. Yaxın Şərqdəki qarşıdurmaların Türkiyə vasitəsilə Avropaya daşınması təhlükəsi var; 7. Türkiyə terrorçuluqdan və ölkədaxili münaqişələrdən çox əziyyət çəkir.
Rəy bildirənlərin 37%-i hesab edir ki, Avropa Birliyi xristian klubudur, müsəlman Türkiyənin orada yeri yoxdur. Sorğu iştirakçılarının 21,3%-nin fikrincə isə Türkiyənin ərazi və əhali üstünlüyü AB-ni narahat edir.
Türkiyədə ucuz işçi qüvvəsi çoxdur, bu da AB ölkələrində işsizlik böhranına gətirib çıxara bilər deyənlər sorğu iştirakçılarının 10,2%-ni təşkil edib. Türkiyənin qanunvericiliyi, vergi və hüquq sistemi AB-nin standartlarına uyğun gəlmir və Türkiyənin iqtisadi və kənd təsərrüfatı potensialı avropalıları qorxudur deyənlərin hər biri ayrı-ayrılıqda sorğu iştirakçılarının 9.4%- ni təşkil edir.
Sorğu iştirakçılarını 6,3%-i hesab edir ki, Yaxın Şərqdəki qarşıdurmaların Türkiyə vasitəsilə Avropaya daşınması təhlükəsi var.
Respondentlərin heç biri "Türkiyə terrorçuluqdan və ölkədaxili münaqişələrdən çox əziyyət çəkir" variantını seçməyiblər.
Qeyd edək ki, son vaxtlar Türkiyənin AB ilə münasibətlərinin gərginləşdiyi müşahidə olunur.
Türkiyə Avropa İttifaqı ilə imzaladığı və iyunun 1-dən miqrantların geri qəbulunu nəzərdə tutan sazişin tətbiqini təxirə salıb.
Ankara bunu Türkiyə və Avropa İttifaqı arasında viza rejiminin aradan qaldırılmasını nəzərdə tutan dialoqun nəticə verməməsi ilə əlaqələndirib.
16 dekabr 2013-cü ildə Türkiyə və Avropa İttifaqı arasında imzalanan və 2014-cü ildə Türkiyə Böyük Millət Məclisində qəbul edilən razılaşma 1 iyun 2016-cı ildən qüvvəyə minməli idi.
Razılaşma Türkiyədən keçərək Danimarka və İtaliya istisna olmaqla, Avropa İttifaqı ölkələrinə qeyri-leqal yolla gedən üçüncü ölkə vətəndaşlarının Türkiyəyə qaytarılmasını nəzərdə tutur. Lakin Avropa İttifaqı viza sərbəstliyinin tətbiqindən əvvəl Türkiyəyə terrorizmlə mübarizəyə dair qanunvericiliyin dəyişdirilməsi tələbini irəli sürüb. Türkiyə də bu səbəbdən razılaşmanı dondurmaq qərarına gəlib.
Məlumat üçün qeyd edək ki, Sputnik portalının sorğuları periodikdir və keçirildiyi dövrdə aktual olan məsələlərə həsr edilir. Sorğuda yalnız sputnik.az saytının oxucuları iştirak edir.