BAKI, Sputnik — 8 iyun. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşından külli miqdarda narkotik və silah götürülüb. Balakən rayon Polis Şöbəsindən Sputnik-in bölgə müxbirinə verilən məlumata görə, polisə ETSN-in Zaqatala Dövlət Təbiət Qoruğunun Balakən rayonu, Katex kəndi ərazisindən keçən hissəsinin 4 saylı dolayında narkotik tərkibli bitkilərin aqrotexniki qaydada əkilməsi barədə məlumat daxil olub.
Məlumat əsasında keçirilən tədbirlər nəticəsində, dolayın ərazisindəki dörd müxtəlif sahədə külli miqdarda narkotik tərkibli bitki hesab edilən çətənə kolları aşkarlanıb. Şahidlərinin iştirakı ilə ərazidən hündürlüyü 12 sm-dən 39 sm-ə qədər olmaqla, ümumi sayı 781 ədəd çətənə kolları yığılıb, həmçinin satış məqsədi üçün qurudularaq hazırlanmış 25 kq 178 qram marixuana götürülüb.
Məlum olub ki, çətənə kollarını rayonun Mahamalar kənd sakini, 1971-ci il təvəllüdlü Arif Tacəddin oğlu Saxrayev və onun həmkəndlisi, 1963-cü il təvəllüdlü Seyfəddin Sədrəddin oğlu Həmzətov əkib. Keçirilmiş tədbir nəticəsində hər iki şəxs tutularaq istintaqa təhvil verilib. Arif Fəxrayevin yaşadığı evin hamamından 277 qram qurudulmuş marixuana, yaşadığı evdən isə sənədsiz ov tüfəngi və 4 ədəd patron götürülüb.
Məlumatda həmçinin bildirilir ki, saxlanılan Arif Saxrayev ETSN-in Balakən Meşə Mühafizəsi və Bərpası Müəssisəsində meşə gözətçisi vəzifəsində çalışır. Balakən rayon məhkəməsi tərəfindən Arif Saxrayev və Seyfəddin Həmzətov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Faktla bağlı cinayət işi başlayıb, araşdırma aparılır.