Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Azərbaycana qarşı da sanksiya tətbiq edir?

© Photo : Maja Nikolic / RFE/RLYük maşınları
Yük maşınları - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Gömrük Komitəsinin açıqlaması cəmiyyətdə təşvişə səbəb olub. Ekspertlər şimal qonşumuzun narahatlığının arxasında başqa məqamların dayandığını düşünsələr də, rəsmi şəxslər rusların Azərbaycana qarşı şübhəsini əsassız hesab edirlər.

BAKI, 8 iyun — Sputnik. Son dövrlərdə azərbaycanlı fermer və sahibkarların Rusiyaya göndərdikləri kənd təsərrüfatı məhsullarının müxtəlif səbəblərdən geri qaytarılması hallarının sayı artıb. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.

Rusiya bazarında tərəvəz satışı - Sputnik Azərbaycan
RUSİYA
Azərbaycandan Rusiyaya ixrac olunan məhsullar geri qaytarılır

Bildirilir ki, sonuncu dəfə Rusiyaya göndərilən xeyli miqdarda pomidor məhsulu geri qaytarılıb, ölkəyə buraxılmayan məhsulun bir hissəsi isə tamamilə zay olub: "Qonşu ölkənin müvafiq orqanları hərəkətlərinə haqq qazandırmaq üçün azərbaycanlı fermerlərə malların sənədlərində mənşə ölkəsinin düzgün qeyd olunmadığını bildirib".

Məsələ Sputnik-ə şərh edən, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Anar Rzayev, Rusiya tərəfinin rəsmi açıqlama verməsini gözləməyi tövsiyə edir: "İlk baxışdan ola bilər ki, onlar düşünsünlər ki, bu, ixracdır. Yəni, ixrac dedikdə, tutalım Türkiyənin kənd təsərrüfatı malları Azərbaycana gəlir və buradan Rusiyaya göndərilir. Rusiya da Türkiyənin bəzi mallarına qadağa qoyub. Bu ehtimal ola bilər".

© Photo : UNECAnar Rzayev
Anar Rzayev - Sputnik Azərbaycan
Anar Rzayev

"Amma yenə də rəsmi açıqlama olmalıdır, hər halda. İlk baxışdan onlarda şübhə var ki, bu, ixracdır. Türkiyənin Azərbaycan vasitəsilə etdiyi ixracdır. Burada başqa səbəb görünmür", — ekspert bildirib.

O inanmır ki, bu, Azərbaycan məhsullarına qarşı atılan bir addımdır: "Onlarda malların Türkiyədən ixrac olunması ilə bağlı şübhə ola bilər. Bu səbəbdən də həmin idxal-ixracın qarşısını almaq istəyirlər".

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə də, Rusiya tərəfinin əndişəsi ondan ibarətdir ki, Azərbaycan üzərindən məsələn, Türkiyə məhsulları Rusiya bazarına daxil ola bilər. O, Sputnik-ə açıqlamasında deyib ki, Rusiya qonşu ölkələrlə hər hansı bir problemlərini həll etmək istəyərkən gömrükdə ərzaq məhsullarının keçidində müəyyən problemlər yaradır.

"Rusiya Türkiyə məhsullarına qadağa qoyub. Əsasən də münasibətlərin pisləşməsinə qədər Türkiyədən gələn pomidor məhsullarının Rusiya bazarında çox böyük yeri var idi. Rusiya bazarında təqribən 35-40 faiz Türkiyə pomidorları satılırdı", — N. Cəfərli qeyd edib.

© Photo : N.Cəfərlinin şəxsi arxiviNatiq Cəfərli, iqtisadçı-ekspert
Natiq Cəfərli, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Natiq Cəfərli, iqtisadçı-ekspert

Onun sözlərinə görə, indi belə bir şəraitin yaranmasında Rusiya çox güman, Azərbaycana bir mesaj verir ki, Türkiyə məhsullarının Azərbaycan üzərindən Azərbaycan malı kimi Rusiya bazarına daxil olmasına imkan verməyəcək: "Yəqin ki, bununla bağlı məsələdir. Çünki, qarşılıqlı münasibətlər pisləşərkən, Rusiya tərəfindən də açıqlamalar olmuşdu ki, Azərbaycan üzərindən Türkiyə mallarının Rusiyaya girməsi ehtimalı var və Rusiya orqanları çalışacaqlar ki, bunun qarşısını alsınlar. Həm müəyyən təzyiq vasitəsi kimi bu şəraitdən istifadə etməyi düşünürlər, həm də Türkiyə mallarının Azərbaycan üzərindən Rusiya bazarına girməsinin qarşısını almağa çalışırlar".

"Bu, Rusiya ilə Türkiyə arasında olan gərgin münasibətlərin bir təzahürüdür, nəticəsidir ki, müəyyən dərəcədə bunun az da olsa, zərbələri Azərbaycan biznesinə, fermerlərinə də dəyir", —deyə ekspert qeyd edib.

Məsələ ilə əlaqədar Azərbaycan Respublikası Kənd Təsərrüfatı yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev Sputnik-ə açıqlamasında deyib ki, Rusiya Federasiyasının Dağıstan gömrüyünün Dərbənd gömrük məntəqəsinin sifarişi əsasında Azərbaycandan Rusiyaya ixrac edilən pomidor məhsullarının mənşəyinin müəyyənləşdirilməsi üzrə gömrük ekspertizası aparılıb. O ekspertiza laboratoriya rəyləri iş adamları tərəfindən bizə də verilib.

"Ekspertizada söyüd, vələs, tozağacı, palıd, şam bitkilərindən, o cümlədən unluca, quşüzümü kimilər, buğa, qarğıdalı kimi bitkilərin tozcuqlarının aşkar edilməsinə uyğun olaraq, belə bir fikir irəli sürürlər ki, həmin pomidor üzərində bu tozcuqlar aşkar edilib, deməli bu, Türkiyə mənşəlidir. Halbuki sadaladığım bitkilərə Azərbaycanda hər addımda rast gəlinir. Aqronom, bioloq olmayan adam da bu bitkiləri tanıyır ki, Azərbaycanın hər yerində bunlar var", — Xidmət rəisi bildirib.

© Photo : Report IADövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev
Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev - Sputnik Azərbaycan
Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev

C. Quliyev digər məqama da toxunub: "Digər tərəfdən əsas götürürlər ki, guya bu pomidorda həmin tozcuqlar aşkar edildi, ancaq qutular üzərində aşkar edilmədi. Bu da yanlış yanaşmadır. Çünki, pomidor əkilir və 3 ay müddətində yetişir. Bu 3 ay müddətində pomidor kifayət qədər xarici amillərlə təmasda olur, müxtəlif bitkilərin tozcuğu onun üzərinə qona bilər. İkinci bir tərəfdən pomidorun tükcüyü üzərində tozcuqların yapışması daha yüksəkdir, nəinki cilalanmış karton qutu üzərində. Bu bitkilərə görə iddia etmək ki, pomidor Azərbaycan mənşəli deyil, Türkiyə mənşəlidir, bu, tamamilə yanlış fikirdir. Qafqazın florasının 70 faizi Azərbaycanda var. O bitkilərin də hər biri Azərbaycanda var".

"Başqa bir tərəfdən Azərbaycanın bitki örtüyü haqqında məlumatları onlar turizm şirkətlərinin mənbələrindən, internet resurslarından götürüblər. Bu da elmi cəhətdən qəbul edilə bilməz. Sonda da bildirirlər ki, bu, ehtimal olunur, yəni konkret bir fakt yoxdur. Ehtimal üzərindən də həmin yükə qarşı hər hansı bir sanksiya irəli sürmək, geri qaytarmaq, bunun məntiqi yoxdur. Bunlar həqiqətə uyğun olmayan faktlardır. Bu, gömrük ekspertizasıdır və özəl bir müəssisəyə verilib. Burada Azərbaycanın bitki örtüyü düzgün qiymətləndirilməyib", — rəsmi şəxs bəyan edib.

C. Quliyev, həmçinin rusiyalı mütəxəssislərin cari il iki dəfə Azərbaycanda olduqlarını da xatırladıb: "Bizim sertifikatlaşma sistemi ilə, idxal prosedurları ilə, ixracın necə getməsi ilə tanış olublar. Biz Rusiya tərəfini birmənalı əmin etmişik ki, Türkiyə qardaş ölkədir, onların mallarına qadağa qoya bilmərik. O mallar gələcək və Azərbaycanda da satılacaq. Amma Türkiyə mallarının Azərbaycan üzərindən Rusiyaya keçməsinin qarşısı tam alınacaq".

"Bu istiqamətdə Dövlət Xidməti tərəfindən işçi qrupu yaradılıb. Bu sahədə peşəkar ekspertlər işə cəlb olunub. Məhsul harada istehsal olunursa, onun yığımından maşına yüklənməsinə qədər bizim fitosanitar müfəttişlər iştirak edirlər. Ondan sonra sənədləşmə aparılır ki, Türkiyə mənşəli məhsulların Rusiyaya getməsinin qarşısı alınsın", — o vurğulayıb.

Xidmət rəisinin sözlərinə görə, Rusiya nümayəndə heyəti də Azərbaycanda olarkən, həmin prosesi müşahidə edib: "Özləri də əmin olublar ki, biz nə dərəcədə ciddi sertifikatlaşma aparırıq. Bütün əlaqəli qurumlar qarşı tərəf ilə işləyir ki, bu problem aradan qalxsın və gün ərzində heç bir qayıtma halı müşahidə olunmayıb".

Yeri gəlmişkən, Azərbaycan Dövlət Gömrük Komitəsinin dünənki açıqlamasında bildirilirdi ki, "Azərbaycan Respublikasından Rusiya Federasiyasına göndərilən kənd təsərrüfatı məhsulları və digər mallar qanunvericilikdə nəzərdə tutulan bütün müvafiq sənədlərlə təmin olunduqdan sonra ixracına icazə verilir. Buna görə də geri qaytarılan pomidor məhsullarının mənşə sertifikatının düzgün olmaması, yəni dolayısı ilə məhsulun Azərbaycanda istehsal edilməməsi barədə irəli sürülən arqumentlər əsla həqiqətə uyğun deyil".

"Hazırda problemin aradan qaldırılması üçün Dövlət Gömrük Komitəsi Rusiyanın aidiyyəti qurumlarına rəsmi olaraq müraciət edib və bu istiqamətdə intensiv iş aparılır", — deyə DGK bəyan etmişdi.

Xəbər lenti
0