BAKI, 8 iyun — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan millət vəkilinin toxunulmazlığı ilə bağlı Konstitusiyada dəyişiklik edilməsini nəzərdə tutan 6718 saylı Qanunu təsdiqləyib.
Sputnik Türkiyənin "Akşam" qəzetinə istinadla xəbər verir ki, Prezidentin təsdiqlədiyi dəyişiklik konstitusiyaya müvəqqəti maddə əlavə olunmasını nəzərdə tutur. Sözügedən dəyişiklik, Türkiyə Böyük Millət Məclisində (TBMM) təmsil olunan 152 millət vəkilini mühakimə etmək üçün "yaşıl işıq" yandırır.
Bundan sonra həmin millət vəkillərinin istintaqa çağırılması, dindirilməsi, saxlanılması, məhkəməyə çıxarılması və barələrində həbs qərarı verilməsi mümkün olacaq. Əməli sübuta yetirilən millət vəkilinin deputat mandatı əlindən alınacaq.
TBMM cari ilin may ayında sözügedən qanun layihəsini qəbul edib. 550 parlamentaridən 376 nəfəri qanunun lehinə səs verib.